“Bizim Mərkəzi Bank özünü ABŞ kimi aparır”

“Və onun kimi də faiz dərəcəsini dəyişir”

“Bunu  hansısa işlə məşğul olduğuna dair görüntü yaratmaq üçün edir”          

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,5 faizdən 7,75 faizə çatdırılması barədə qərar qəbul edib.Mərkəzi Bankdan verilən məlumata görə,faiz dəhlizinin aşağı həddi 6 faizdən 6,25 faizə, yuxarı həddi isə 9 faizdən 9,25 faizə qaldırılıb.Qeyd edilib ki, AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı aprelin 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

İqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın bu qərarından  “sherg.az”a danışarkən bildirib ki, ölkəmizdə AMB-nın uçot dərəcəsi formal bir anlayışdır və heç nəyə təsir göstərmir:

 “Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faizinin dərəcəsidir. Normal iqtisadi sistemə, bank sisteminə malik bütün ölkələrdə inflyasiya təhlükəsi olan zaman uçot dərəcəsi artırılır, iqtisadi artıma ehtiyac olduqda isə azaldılır. Mərkəzi Bank faiz dərəcəsini artırdıqda banklar ondan az kredit götürür və o zaman qiymətlər artmır.

 Ölkəmizdə bu sistem ona görə işləmir ki, bizdə Mərkəzi Bank  bütün banklara kredit vermir. Normal bank sistemində istənilən bank  sağlam rəqabət şəraitində Mərkəzi Bankdan kredit götürə bilir. 

Bu hal da Mərkəzi Bankın faiz dərəcəsinə təsir göstərir. Amma bizdə  belə deyil. Mərkəzi Bank ancaq bəzi banklara kredit verir. Hansı meyarla bunu etdiyi də heç kəsə bəlli deyil”. 

Ekspert diqqətə çatdırıb ki, ölkəmizdə Mərkəzi Bankın ən aşağı uçot dərəcəsi 2009-2010-cu illərdə olub:“O da 2-3 faiz. Sağlam məntiqlə həmin bu illərdə bankların da kredit faizləri aşağı olmalı idi. 

Bəs elə oldumu? Əlbəttə ki, yox. 2009-2010-cu illərdə bankların insanlara verdiyi kredit faizi indikindən də yüksək  30-36 faiz idi. Çünki Mərkəzi Bank onsuzda  bir çox banklara kredit vermirdi. Uçot dərəcəsi Mərkəzi Bankın pulunun qiymətidir. Onu eyni faizlə hamıya satmırsa, deməli, təyin etdiyi faiz də boş şeydir”. 

İqtisadçının sözlərinə görə, AMB son bir-iki ildə faiz dərəcəsini artırmağa başlayıb:

“Tarixə fikir versəniz görərsiniz ki, AMB heç vaxt faiz dərəcəsini belə birdən-birə dəyişməyib. Zamanla iki, üç faiz dəyişib.Yəni Azərbaycanda faiz dərəcələri onsuzda yüksəkdir. 0,25-i faizi Amerikada,Avropada dəyişirlər .Çünki onlarda faiz dərəcələri onsuzda 3-4 faizdir. 

İndi bizim Mərkəzi Bank da özünü ABŞ kimi aparır və onun kimi də faiz dərəcəsini dəyişir. Bunu  hansısa işlə məşğul olduğuna dair görüntü yaratmaq üçün edir”