Moskva rubl üzərində manipulyativ davranış edir: “Rusiya özü vəsait itirəcək”

Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərman imzalayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.Rusiya dövlət başçısının sözlərinə görə,rəsmi Moskva “dost olmayan” ölkələrdən olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edir :“Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər sabahdan - bu ilin aprelin 1-dən başlayaraq bu hesablar üzərindən edilməlidir”. O əlavə edib ki, həmin ölkələrin yanacağın rublla ödənişindən imtina etməsi öhdəliyi icra etməmələri kimi hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq.

İqtisadçı -ekspert  Eldəniz  Əmirov  bu barədə “Sherg.az” a danışarkən bildirib ki, sözügedən qərar heç bir əsaslı təsir mexanizminə malik deyil, sadəcə olaraq  rubl üzərində manipulyativ davranışdır:

 “Avropanın Rusiyadan qaz alması üçün bütün hallarda avro  və yaxud dollardan istifadə ediləcək. Məsəl üçün Almaniya tərəfi Rusiyadan rublla qaz almaq üçün ilk növbədə avro ödəyərək rubl almalıdır. Daha sonra həmin rublu təkrar Rusiyaya ödəməlidir. Prosesdə bütün hallarda Almaniya, eləcə də Rusiyadan qaz alan digər ölkələr tərəfindən əvvəlcə avro xərclənməlidir.Yəni şəxs avronu xərcləyib dollar alır, daha sonra aldığı dolları təkrar Rusiyaya ödəyir. Bu rəsmi Moskva tərəfindən atılan, heç bir iqtisadi əsası olmayan addımdır”. 

 İqtisadçının sözlərinə görə, Putin belə bir qərarla daxili siyasətə köklənən əhalisinə Rusiyanın Avropanı öz istəyinə  uyğun davranmağa məcbur etdiyini göstərmək istəyir:

“Bununla sadəcə olaraq rublun  psixoloji təzyiqlərdən azad olunması ona ehtimadı  bir qədər artıra bilər. Maliyyə və gəlir məsələsində, çevirmələr zamanı  isə Rusiya  vəsait itirəcək. Çünki müqavilələr xarici valyuta ilə bağlanıb və ödənişlər kurs və valyutanın dayanıqlığı baxımından daha çox belə sərfəlidi”. 

Ekspert  diqqətə çatdırıb ki, Avropada Rusiyanın qazından ən çox asılı olan ölkələrdən biri Almaniya olsa da, bu gün Almaniya rəhbərliyi qaz ödənişlərinin rublla həyata keçirilməyəcəyini elan edib:

 “Hər ikin tərəf indi bu məsələdə dirəniş göstərir.Almaniya hökuməti Rusiyanın təkcə qazından deyil, kömür və neftindən də asılılığını tam aradan qaldırmaq üçün geniş yol xəritəsini açıqlayıb. Həmin xəritəyə görə  bu ilin payızından Almaniyanın Rusiyadan kömür asılılığı bitəcək və ilin sonunda neft, 2024-cü ilə qədər isə qaz asılılığı mərhələli şəkildə aradan qaldırılacaq”.