Çin iqtisadiyyatı özü Qərb siyasətinin birbaşa modelidir
Qərb şirkətləri Rusiyanı tərk edir. Bu da Çinlə ticarətin genişlənəcəyi anlamına gəlir. Artıq bir neçə yerli bank müştərilərə Çin valyutasında hesab açmağı təklif edib. Hazırda Çin Xarici İşlər Nazirliyi Rusiya ilə ticarətin rubla və yaxud yuana keçməsi mövzusunu yenidən gündəmə gətirib. Söhbət hələ ki, yalnız enerji mənbələrindən gedir. ÇXR Cənub-Şərqi Asiyada və ərəb ölkələri ilə eyni strategiyanı irəli sürür.
Məsələn, Vaşinqtonun siyasətindən narazı olan Səudiyyə Ərəbistanı dolları “qara dəlik” adlandırır. Bilirik ki, Çin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir. Ukrayna-Rusiya müharibəsinin fonunda yuanın həyat qazanması, üstünlük əldə etməsi, əsas valyuta vahidləri olan avro, dollarla rəqabət apararaq, dünyanın əsas valyutasına çevrilməsi mümkündürmü?
Sualımızı "Şərq"ə cavablandıran iqtisadçı Fuad İbrahimov bildirib ki, hazırda yuanın məzənnəsi dollara bağlıdır:
"Bu gün Rusiya Çinlə ticarət, mübadilə etmək siyasətindədirsə, iki valyutanın bir-birinə olan nisbətini necə müəyyən etmək lazımdır? Şübhəsiz ki, bunların arasında bir ölçü vahidi seçilməlidir. Uzunluq ölçü vahidləri santimetr, metr, kilometr və s. olduğu kimi bu sahədə də valyuta əlbəttə ki, dollardır. Bildiyimiz kimi, avro da kifayət qədər dövriyyədədir. Bu nöqteyi-nəzərdən indiki məqamda yuanın Rusiya bazarında hər hansı ölçü vahidini əvəz etməsi mümkündür. Ölkələr öz aralarında qərarlaşdırıb, məzənnəni müəyyən edirlər. Məlum olduğu kimi, bu gün istər köçürmə sistemləri, istər transaksiya əməliyyatlarında ABŞ məhz institusional mərkəzdir. Bu, illərlə formalaşır, bir-iki il ərzində deyil. SSRİ dağılandan, Varşava danışıqlarının pozulmasından və bu ölkələr də sosializmdən kənarlaşdıqdan sonra Rusiya birbaşa Qərbə inteqrasiya edib. Neçə illərdir ki, bu sistemlə də yaşayır.
Bu baxımdan əlbəttə ki, bu haqda danışmaq hələ tezdir. Ən azından on illərlə vaxt lazımdır ki, bu sistem təkmilləşdirilsin. Eyni zamanda onu əvəz edə biləcək qüvvə olsun. Əlbəttə, hər hansı bir barter əməliyyatları, ümumi ticarət dövriyyəsi mümkündür.
Amma qlobal, fundamental, makroiqtisadi səviyyədə bu sistemə keçmək üçün hələlik qərblə inteqrasiya sistemindən istifadə etmək lazım olacaq. Çin iqtisadiyyatı özü Qərb siyasətinin birbaşa modelidir. 80-ci illərin əvvəlindən başlayaraq ABŞ-ın modeli üzərində qurulmuş bir iqtisadiyyatdır.
Hazırda hər hansı əvəzedici qüvvə Çin üçün də imkan xaricindədir. Rusiya da ən azından mərhələli şəkildə bu vəziyyətdən çıxış yolu axtaracaq".