"AVRO-5" standartlarına keçən sonuncu ölkə olacağıq
Azərbaycanda 2022-ci ilin birinci yarısında "AVRO-5" standartlarına uyğun dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən "AVRO-5" standartlı benzin istehsalının başlaması nəzərdə tutulub.
Bu barədə SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini Emil Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) "Modernizasiyası və yenidənqurulması" layihəsinə həsr olunmuş mətbuat konfransında bildirib. E.Alxaslı qeyd edib ki, NEZ-in modernləşdirilməsi üzrə işlərin 2026-2027-ci illərədək davam etməsi planlaşdırılır:
"Layihə çərçivəsində tikinti işlərinin birinci mərhələsini 2023-cü ilin sonunadək başa çatdırmaq planlaşdırılır".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban “Şərq”ə açıqlamasında bildirib ki, ölkəmizdə "AVRO-5" standartlı dizel yanacağı və benzin istehsalının başlanması prosesini çox ləngidiblər:
"Sözün düzü, H.Əliyev adına NEZ-in tam modernizasiyasının 2028-ci ilə qədər davam etməsi nefti olan, dünyada bir çox sahələrdə pionerliyinə görə imza atan ölkə üçün məyusedici haldır. Halbuki, 2015-ci ildən başlayıb. 2014-cü ildən 2023-cü ilə qədər benzin idxalçısı rolunda çıxış edirik. Bu, təəssüf doğuran məqamdır. Xəzəryanı ölkələr içərisində "AVRO-5"-i Türkmənistan da, Qazaxıstan da, Rusiya da istehsal edir. Azərbaycanın buna yetəcək qədər kapitala malik olmağına baxmayaraq, adıçəkilən standarta keçən sonuncu ölkə olacağıq. Bu, günün reallığıdır. İllərdir təxirə salırıq. Gürcüstanda "AVRO-5" dizelini 2015-ci ildən istifadə edirlər. Ölkəmizdə 2022-ci ildir, insanlar keyfiyyəti çox aşağı olan yanacaqdan yararlanmağa çalışırlar. Nəticədə ekologiyaya zərər gəlir".