Təbii qaza limit düzgün deyil

İqtisadçı deyir ki, “Azəriqaz”ın rəqəmlərinə inanmaq üçün şəffaflıq təmin edilməlidir

"Heç olmasa limit müəssisələrə, idarə və təşkilatlara – yəni, gəliri olanlara aid edilsin. Əhali qrupu üçünsə, limit olmamalıdır"


Əhali qışın 3 ayını təbii qazı zərrə-zərrə sərf etsə də, yenə limiti “aşdı”. Bunu bilmək heç də çətin deyil. Ən azından sosial şəbəkədə kiçik bir araşdırma, sorğu  aparmaqla qaz limitini keçənlərin nə qədər olduğunu öyrənmək mümkündü. Sosial şəbəkə istifadəçiləri hələ qış aylarında limitin əlindən “boğaza yığılmışdı”. Hər 3 nəfərdən 2-si qaz limitini keçdiklərini yazırdı. Bina, ya həyət evi, artıq bu da fərq etmir. Hər ikisində limit aşılır. 1200 kub.metr təbii qaz nədir ki?!  Bunu ha çalışsan da, 12 aya bölə bilməzsən. 

Limiti keçməmək üçün ilin 12 ayının hərəsinə 100 kub.metr qaz düşür. Hə, rəsmilər bəlkə iddia etmək istəyir ki, yaz-yay aylarında qaz sərfiyyatı azalır. Amma iqlim şərtləri belə demir. May ayının ilk ongünlüyündəki soyuq hava mənzillərin isidilməsini vacib etdi. Lap tutalım, yazda, payızda havalar mülayim, isti keçdi. Bəs zavallı qadınlar mətbəxdə xörək bişirmir, ya çay qaynatmır, yoxsa yaz-payızda kimsə yuyunmur ki, suyun isidilməsinə də ehtiyac olmasın?!.  Bütün bu amillər nəzərə alındıqda əhalinin təbii qaza tətbiq edilən limiti çoxdan keçdiyi realdır.

 Amma “Azəriqaz” fərqli rəqəmlər açıqlayıb. "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin 78,9 faizi (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib. R.Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 21,1 faiz və ya 510 751 min abonent keçib. Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard  817 milyon kubmetr təbii qaz qəbul edib. Bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın həcmi 891 milyon sənaye xətləri, 2 milyard 926 milyon kubmetr əhali xətləri üzrə. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım deməkdir. Bu ilin təkcə aprel ayında isə “Azəriqaz” İstehsalat Birliyi 540 milyon kubmetr təbii qaz qəbul edib. Aprel ayı üzrə 185 milyon kubmetr təbii qaz sənaye xətləri üzrə, 355 milyon kubmetr isə əhali xətləri üzrə qəbul edilib. 

Xatırlatma üçün qeyd edək ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 14, 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında “Azəriqaz”ın rəqəmlərinə inanmaq üçün şəffaflığın təmin edilməli olduğunu söylədi: 

- Biz “Azəriqaz”ın təqdim etdiyi statistik göstəricinin nə dərəcədə doğru, real olduğunu müəyyənləşdirə bilməyəcəyik. Çünki əlimizdə başqa rəqəmlər yoxdur. “Azəriqaz” istəyirsə ki, əhali onun təqdim etdiyi göstəricilərə inansın (əgər bu, onları düşündürürsə, onlar üçün bir əhəmiyyət daşıyırsa, əlbəttə – red.) və real qəbul etsin, o zaman şəffaflığı təmin etməlidir. Bunun üçün böyük bir iş görməyə ehtiyac yoxdur. “Azəriqaz” özünün rəsmi internet səhifəsində, yaxud, lap hansısa digər internet resursunda bütün abonentlər haqqında məlumatları yerləşdirsin. Hansı abonent nə qədər qaz sərf etdib, limiti kim keçib, kim keçməyib. Bilək, kənar xətlərlə qaz hara gedir? Bütün bu göstəricilər “Azəriqaz”da da var, SOCAR-da da. Belə olduğu halda, bəli, hər bir abonent nə qədər təbii qaz sərf etdiyini, limiti nə zaman, nə qədər keçdiyini öyrənəcək, ümumən ictimaiyyət də bundan xəbər tutacaq. Hər kəs nə qədər qaz sərf etdiyini onsuz da bilir, amma o rəqəmlər, statistikanın həqiqət olduğunu ancaq bu yolla müəyyən etmək mümkündür. Niyə gizlədirlər ki, bu məlumatları? Xüsusi xidmət orqanları, Müdafiə Nazirliyindən savayı bütün digər rəsmi qurumlar internet səhifələrində ictimaiyyəti maraqlandıran məlumatları yerləşdirməlidir. Şəffaflıq üçün. Şəffaflıq yoxdursa, şübhə var. 

Ə.Həsənov qeyd etdi ki, təbii qaza limit tətbiqi düzgün deyil: 

- Mən limitin tərəfdarı deyiləm. Azərbaycanın təbii qaz ehtiyatı və digər təbii ehtiyatları nəzərə alınarsa, əhali qrupu üçün təbii qaza limit təyin etmək, anlaşılan deyil. Heç olmasa limit müəssisələrə, idarə və təşkilatlara – yəni, gəliri olanlara aid edilsin. Əhali qrupu üçünsə, limit olmamalıdır. Ondansa, ortalama qiymət təyini daha yaxşıdır. Bizim ailə kiçikdir, hətta biz də limiti keçmişik. Belə olan halda ailə tərkibi böyük olanlar limiti çoxdan keçib. Bundan əlavə, fərdi evlərdə bilirik ki, qaz sərfiyyatı daha artıq olur, çünki bu evlər mərkəzi istilik sistemindən kənardır, mənzilləri isitmək çətin olur. Son illərdə iqlim şərtləri də dəyişib. Ümumilikdə ilin 8 ayı soyuq keçir. Heç olmasa payız-qış aylarına limit tətbiqi ləğv edilməlidir. Ölkəmizin təbii resursları nəzərə alınmaqla əhali qrupu üçün daha münasib şərtlər müəyyənləşdirmək mümkündür.