Vətəndaşlar əmək pensiyası ilə qocalığa görə müavinəti səhv salır


Sahib Məmmədov: "Bir şəxsin müvafiq sığorta stajı və ya müəyyən olunmuş həddə yığım kapitalı yoxdursa, ona əmək pensiyası təyin olunmur"

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul olunub. Dəyişikliklər bir çox məsələləri əhatə edir. Lakin əhalinin böyük qismini düşündürən “sığorta stajı” məsələsidir. Təqaüd yaşının çatmasını “dörd gözlə” gözləyən insanların önünə “nə qədər sığorta stajın varsa, əmək pensiyası ona görə təyin ediləcək” şərti qoyulur. Bu insanlar da “axı biz çalışdığımız illərdə bu yeniliklər, kompüter, məlumat bazası, filan… yox idi” deyir. Amma nə fayda. Məmurların dediyi “dedikdi”.

Sığorta stajı yoxdursa, əmək pensiyasının nəinki yüksək, heç normal məbləğdə olacağına da ümid etməyə dəyməz. Bu zaman təbii etiraz yaranır ki, bəs işlədiyimiz illər necə olsun, çalışdığımız illərdə gəlir vergisi də ödənilib, əmək haqqında sosial müdafiə fonduna pul da tutulub. 25-30 il iş stajı olan insan yeni üsulla “sığorta stajın yoxdur”, söyləmək nə deməkdir? Ümumiyyətlə, son zamanlar pensiya ilə bağlı çox narazılıqlar var. Həm pensiya yaşının artırılması narazılıq doğurur, həm də pensiya məbləğinin hesablanması. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələləri heç cür çözə bilmir. Bəlkə də istəmir. Halbuki, dünyada pensiya təminatı ilə bağlı bir çox müsbət presidentlər mövcuddur.   
 
Əhalinin bir qismini narahat edən məsələlərlə bağlı “Şərq”ə açıqlama verən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd etdi ki, vətəndaşlar əmək pensiyası ilə qocalığa görə müavinəti səhv salır: 

- Əmək pensiyası üçün 25 il sığorta stajı və ya indiki halda 34 600 manat yığım kapitalı olmalıdır. Yığım kapitalı da muzdla işləyənlər üçün icbari dövlət sığortası hesabına toplanır. 

Yəni vətəndaş aldığı əmək haqqının 25 faiz həcmində, dövlət müəssisəsində, yaxud neft sektorunda işləyənlərsə aldığı əmək haqqının 22 faiz həcmində, işəgötürən tərəfindənsə işçinin maaşından 3 faiz tutulmaqla həmin fonda ödənilir. Bu kapitaldan sığorta hadisəsi baş verəndə sərf olunur.  

Bizdə çoxu əmək pensiyası ilə qocalığa görə müavinəti qarışdırır. Bir şəxsin müvafiq sığorta stajı və ya müəyyən olunmuş həddə yığım kapitalı yoxdursa, ona əmək pensiyası təyin olunmur. Ancaq yaşa görə müavinət verilir - 65 yaşa çatdıqda. 

Bu məbləğin də həddi 2022-ci ildən 180 manatdır. Amma bunu da deyim ki, hazırda pensiya qanunvericiliyi yenidən dəyişir. Bəzi məsələlərin tənzimlənəcəyi gözlənilir. Sual doğuran məsələlər, əlbəttə çoxdur. Gözlənilir ki, bu məsələlərə aydınlıq gətiriləcək. 
Məlahət Rzayeva