Əkrəm Həsənov: "Təsəvvür edin vətəndaşın evi iki bankda kredit qarşısında girov qoyulur"
Ləğv edilən banklardan ipoteka krediti götürənlərin hüquqları müəyyənləşib .
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə baxılıb.
Qərara görə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.
Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası Mərkəzi Bankının funksionallığına xələl gətirməməlidir.
Konstitusiya Məhkəməsinin qərarını “Şərq”ə şərh edən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə Nazirlər Kabinetinin sorğusu əsasında baxılıb:
“NK isə Konstitutsiya Məhkəməsi haqqında qanunun tələblərinə riayət etmədən vermişdi bu sorğunu, daha dəqiq desək, əlavə və istinad sənədləri baxımından formal tələbləri pozmuşdu. Müvafiq qanuna görə, Konstitusiya Məhkəməsi bu sorğuya baxmamalı və həmin sənədi geri qaytarmalı idi”.
Hüquqşünas məzmun baxımından da Konstitusiya Məhkəməsinin qərarını əsassız və qanunsuz hesab etdiyini deyib: “Təsəvvür edin, hər hansı bir vətəndaş evini girov qoyub hansısa bankdan kredit götürür, eyni zamanda həmin bank özü də Mərkəzi Bankdan kredit götürür. Belə olan halda isə avtomatik vətəndaş öz evini Mərkəzi Banka girov qoymuş hesab olunur. Yəni eyni ev iki bankda kredit qarşısında girov qoyulur. Qanuna görə, hər iki kredit tam bağlandıqdan sonra həmin ev girovluqdan çıxarılır. NK-nin sorğusunun mənası da o idi ki, vətəndaş götürdüyü krediti bağlasa, onun evi girovdan çıxacaq. Ləğv olunan bankın Mərkəzi Bankdan götürdüyü kredit isə girovsuza çevriləcək.
Konstitusiya Məhkəməsi də məhz bu cür qərar verdi. Halbuki, bu qərarın heç bir qanuni və məntiqi izahı yoxdur”.