Bu addımlarla zərərli içkilərin insan sağlamlığına vurduğu zərəri minimuma endirmək mümkündür
Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunması təklif edilib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev gündəmə gətirib. Onun sözlərinə görə, bir sıra ölkələrdə alkoqollu içkilərlə bərabər, həm də tərkibində şəkər olan içkilərə aksiz tətbiq edilir.
Millət vəkilinin bu təklifi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları hesab edir ki, hazırda bu vergini tətbiq etmək üçün yaxşı zaman deyil.
İqtisadçı Anar Bayramov isə “Şərq”ə açıqlamasında deyib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da şəkərli içkilərə aksiz vergisi tətbiq etmək mümkündür. Bunun üçün həm əsas, həm də qanunvericilik bazası mövcuddur.
Bildiyimiz kimi analoji olaraq spirtli içkilərin, tütün məmulatlarının istehsalına, idxalına aksiz vergisi tətbiq edilir. Vergi Məcəlləsində alkoqollu energetik içkilərin hər litrinə 2.00 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3.00 manat aksiz vergisi tətbiq edilir. Şəkərli içkilərin hər litrinə 1.00 manat aksiz vergisinin tətbiq edilməsi məncə, daha məqsədəuyğun olardı.
Ekspertin sözlərinə görə, şəkərli qazlı və ya qazsız içkilərin insan sağlamlığına vurduğu zərərin minimuma endirilməsi, əhalinin şəkərli içkilərdən daha az istifadə etməsi məqsədilə bir çox dünya ölkələrində şəkərli içkilərə aksiz vergisi tətbiq edilir.
İlk dəfə şəkərli içkilərə aksiz vergisinin 1930-cu ildə Danimarkada tətbiq olunduğunu xatırladan iqtisadçı qeyd edib ki, Almaniya və İsveçdə istehsal olunan şəkərli içkilərin Danimarka bazarını ələ keçirməsindən sonra 2013-cü ildən etibarən artıq bu vergi Danimarkada ləğv edilib:
“Meksika da şəkərli içkilərə vergini tətbiq edən ölkələrdən biridir. Araşdırma zamanı məlum olub ki, Meksikada şəkərli içkilərə vergi tətbiq edildikdən sonra bu cür məhsulların qiyməti 10-12 faiz artıb və bu məhsulların istehlakı birinci il 5.5 faiz, ikinci il isə 9.7 faiz aşağı düşüb. Artıq postsovet ölkəsi olan Estoniyada da tərkibində hər 100 millilitr hesabına 5-8 qram şəkər olan içkilərin bir litrinə 0,10 avro (təxminən 20 qəpik) vergi tətbiq edir. İçkinin tərkibindəki şəkərin miqdarından asılı olaraq, bu göstərici üç dəfəyə qədər artırılır. Amerikanın bir neçə ştatı da şəkərli içkilərə vergi tətbiq etmişdir. Ümumiyyətlə, hazırda dünyanın 40-a yaxın ölkəsi, o cümlədən Bruney, Fransa, Meksika, Səudiyyə Ərəbistanı, Tayland və Birləşmiş Krallıq da daxil olmaqla şəkərli içkilərə vergi tətbiq edirlər.
Böyük Britaniyada şəkərli içkilərə tətbiq edilən verginin nəticəsində dövlət büdcəsinə ildə 1 milyard funt sterlinq əlavə vəsait daxil olur. Ümumdünya Səhiyyə Təşkilatı da 2016-cı ildə şəkərli içkilərin qiymətinin minimum 20 faiz qaldırılması üçün bütün dünya ölkələrinə şəkərli içkilərə əlavə vergilərin tətbiq edilməsi barədə çağırış edib”.
A.Bayramovun fikrincə, şəkərli içkilərə vergi tətbiq etməklə məsələni həll etmək mümkün deyil və bu yol vəziyyətdən yeganə çıxış yolu deyil. Bununla yanaşı dietoloqlar, həkimlər tərəfindən kütləvi informasiya vasitələrində, məktəblərdə yüksək maarifləndirmə işləri aparılmalı, digər alternativ təbii, orqanik qidaların, məhsulların istehsalını stimullaşdırmalı, qidalanma etiketləri hazırlanmalı və digər tədbirlər həyata keçirilməlidir. Ancaq bu zaman görülən tədbirlər öz müsbət effektini verəcəkdir.
Qeyd edək ki, bu vergi son illər dünyada əhalinin sağlamlığını qorumaq məqsədilə şəkər istehlakını azaltmağa yönəldilmiş vergi növüdür. Şəkər tərkibli məhsullara vergi tətbiq etməkdə məqsəd cəmiyyətin qida vərdişlərinin qaydaya salınması və zərərli qidalardan daha az istifadə etmələrinə nail olmaqdır.
Çünki şəkərli qida məhsulları normadan artıq qəbul edildikə orqanizmi artıq kalori ilə yükləyir. Dünya ölkələrinin apardığı təcrübələr göstərir ki, qəbul edilən şəkərli içkilər və tərkibində şəkər olan bir çox qida məhsulları normadan artıq qəbul edildikdə təkcə şəkərli diabet xəstəliyi və diş çürüməsinə səbəb olmur, eyni zamanda insan sağlamlığı üçün başqa fəsadlara da yol aça bilir.
Bu xəstəliklərə qaraciyər piylənməsini, həddindən artıq piylənmə (obezite) və çəki problemini, yaddaş pozğunluğunu, diş və diş əti xəstəliklərini, immunitetin zəifləməsini, maddələr mübadiləsinin pozulmasını, qida allergiyalarının artmasını, yüksək təzyiq (hipertoniya) əlamətlərinin baş qaldırmasını və s. misal göstərmək olar.