Azərbaycanın öz iqliminə uyğun sortlar yetişdirilməlidir
"Kənd təsərrüfatı oturuşmuş ölkələrdə qurumun başına müğənnini də rəhbər təyin etsələr, inkişafına zərrə qədər də olsa zərəri dəyməyəcək. Çünki yerlərdəki kadrlar öz işini bilir. Amma bizim ölkəmizdə kənd təsərrüfatı sahəsi yenidən qurulmalıdır"
Azərbaycan Türkiyədən buğda, arpa və digər dənli bitkilər üzrə yüksək sortlu, quraqlığa davamlı toxum almaq istəyir.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə istinadən verilən məlumata görə, hazırda bu istiqamətdə alınacaq buğda toxumunun həcmi ilə bağlı Azərbaycanın özəl şirkəti ilə danışıqlar aparılır. Türkiyədən alınan toxum sortları Azərbaycanda əkiləcək. Türkiyənin dənli bitki sortları daha məhsuldardır və daha quraqlığa davamlıdır. Əgər həmin sortlar Azərbaycan torpağına uyğunlaşsa, bu halda daha geniş ərazilərdə əkilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan buğda toxumunu əsasən Rusiya və Qazaxıstandan alır.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə “Şərq”ə açıqlamasında deyib ki, hər ölkə özünün toxum sortunu yetişdirməlidir. İstiyə, xəstəliklərə, zərərvericilərə və digər stres amillərə davamlı olan buğda sortları yetişdiyi torpağın iqlim şərtlərinə uyğun olmalıdır. Bu, bütün dünyanın qəbul etdiyi bir standartdır:
“Bizim ölkəmizdə 9 iqlim tipi var. Gərək axtaraq ki, hansı ölkələrin iqlim şərtləri Azərbaycanın iqlim tiplərinə uyğun gəlir, o ölkələrdən toxum alaq. Hələ oradan alınan toxumların bizim torpağa uyğunlaşacağı da sual altındadır. Ölkədə respublikanın torpaq, iqlim şəraitinə uyğun sortlar yetişdirilmirsə, bu sahə inkişaf edə bilməz. Düzdür, Türkiyə ilə Azərbaycanın iqlim şəraitində nisbətən uyğunluq var. Ümumiyyətlə, Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən İspaniya, İtaliya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır. Amma taxılçılıq spesifik sahə olduğundan mütləq yerli iqlimə uyğun buğda toxumları yetişdirilməlidir”.
Ekspertin sözlərinə görə, hazırda ölkədə yeni növ buğda sortlarının yetişdirilməsində ciddi problemlər var. Bu sahə tamamilə sıradan çıxarılıb. Bu istiqamətdə görülən cüzi işlər isə toxumçuluğun artmasına elə də təsir etmir, cəmi bir faiz təşkil edir:
“Səbəb isə peşəkar kadrların bu sahədən kənarlaşdırılmasıdır. Azərbaycanda bu sahəni bilən mütəxəssislərin sayı kifayət qədərdir. Onlara şərait yaratmaq lazımdır ki, yüksək sortlu buğda, arpa, vərəmi və digər dənli bitki toxumları yetişdirsinlər və bu sahəni inkişaf etdirsinlər. Türkiyədən pambıq toxumu alıb gətirdilər. Bəzi yerlərdə müəyyən nəticə əldə olunsa da, bəzi yerlərdəki fermerlər mayanın batmasından şikayətləndilər.
Ölkənin buğda tələbatını daxili istehsal hesabına 100 faiz təmin etmək istəyiriksə, öz toxumumuzu özümüz yetişdirməliyik. İsrail kimi “cırtdan” bir ölkə özünün yüksək keyfiyyətli taxıl sortlarını yetişdirə bilir, Azərbaycan isə ölkə-ölkə gəzib toxum alır. Halbuki, Azərbaycanın əkin sahələri İsrailin əkin sahələrindən 5 dəfə artıqdır”.
V.Məhərrəmov deyib ki, Azərbaycanın özünün yüksək sortlu buğda toxumları indi də var. Hektarda 70 sentner məhsul verən toxumlarımız var:
“Yuxarıda da qeyd etdiyim kimi peşəkar mütəxəssisləri cəlb etməklə bu sahəni daha da inkişaf etdirmək olar. Azərbaycanda taxılçılığın inkişafı üçün münbit şərait, yüksək sortlu toxum, toxumu yetişdirən savadlı kadr da var. Bizdə kənd təsərrüfatı sahəsinin geridə qalmasının yeganə səbəbi naşılar tərəfindən idarə olunmasıdır. Bu sahəyə məsul olan şəxslərin kadr siyasətindən anlayışı belə yoxdur.
Kənd təsərrüfatı oturuşmuş ölkələrdə qurumun başına müğənnini də rəhbər təyin etsələr, inkişafına zərrə qədər də olsa zərəri dəyməyəcək. Çünki yerlərdəki kadrlar öz işini bilir. Amma bizim ölkəmizdə kənd təsərrüfatı sahəsi yenidən qurulmalıdır. Bunun üçün də idarəçilik mütləq şəkildə aqronomların əlinə keçməlidir. Bu sahənin baş mütəxəssisi aqronom, köməkçiləri isə zootexnik və baytar həkimlərdir. İqtisadiyyat məzununun kənd təsərrüfatına nə aidiyyəti var? Nə hesablayacaq? Faktiki olaraq indiki reallıqda KTN-də nəyisə hesablamağa ehtiyac yoxdur. Bu sahənin özünün mütəxəssisləri var onsuz da. Bu gün nazirliyin rəhbər vəzifələrinə peşəkar aqronomların təyin olunmasına ciddi ehtiyac var. Bundan sonra bütün problemlər yavaş-yavaş öz həllini tapacaq. Ölkəmizin kifayət qədər həm maliyyə, həm əmək, həm su, həm də digər resursları var. Bu sahədə olan resurslardan istifadə etməklə Azərbaycanın xaricdən taxıl almasının həcmini azaltmaq tam mümkündür. Bütün istehsal vasitələri, demək olar ki, əldə olunub. Bu gün Azərbaycanın digər bölgələrinin də özünü taxılla tam təmin etməsi, idxaldan asılı olmaması üçün bütün resurslar var, sadəcə, göstərilən sahədə idarəetmənin düzgün qurulmaması bu prosesin gerçəkləşməsinə mane olur”.
Ekspertin sözlərinə görə, Cəlilabad və Şəki rayonları hazırda ölkə üzrə taxıl istehsalının 16-20 faizini təmin edir. Amma bu rayonlarda belə hazırda məhsuldarlıq aşağıdır: “Hektarda 26 sentner məhsul yığılır.
Bu isə o deməkdir ki, toxumun yüksək sortlu olması hər şey demək deyil. Ona görə də Türkiyədən yüksək sortlu, quraqlığa davamlı toxumların alınması Azərbaycanda taxılçılığın inkişaf edəcəyinə dəlalət etmir. Torpaqlarımızda deqredasiya prosesi çox sürətlə gedir və qarşısını da ala bilmirlər. İşinin peşəkarı olan adam bilir ki, toxum səpməzdən əvvəl torpaqdakı problemlər aradan qaldırılmalı, sonra isə əkin-səpin işləri həyata keçirilməlidir. Münbit olmayan torpaqda nə qədər yüksək sortlu toxum olur-olsun, yetişməyəcək”.