2026-cı ildə almaz-brilyant bazarında bərpa proqnozlaşdırırlar.
Bu barədə “Kept” konsaltinq şirkətinin hesabatında qeyd edilib.
Sənəddə bildirilib ki, mövcud vəziyyətə baxmayaraq, sənaye iştirakçıları almaz sektorunda bərpa üçün müəyyən ilkin şərtlərin formalaşdığını hesab edir. 2026-cı ilin dönüş nöqtəsi ola biləcəyi vurğulanır.
Artım meylini dəstəkləyə biləcək amillər arasında iri ölçülü daşlara investisiya tələbinin yüksəlməsi, əsas oyunçular tərəfindən hasilatın azalması və yataqların tükənməsi, eləcə də təbii daşlara marağın yenidən formalaşmasına yönəlmiş promo kampaniyalar göstərilir.
İcmalda həmçinin qeyd edilib ki, 2025-ci ilin dördüncü rübündə dünya üzrə almaz qiymətləri illik müqayisədə 9,7%, əvvəlki rüblə müqayisədə isə 4,4% azalıb.
Ekspertlərin fikrincə, əsas mənfi amillərdən biri ABŞ-nin Hindistana tətbiq etdiyi 50 faizlik ticarət rüsumları olub. Bu da Hindistanın ABŞ bazarına brilyant ixracının kəskin azalmasına gətirib çıxarıb. Sonradan tariflərin 10 faizə endirilməsinə baxmayaraq, ABŞ-nin ticarət siyasətindəki davamlı dəyişkənlik səbəbindən vəziyyət qeyri-müəyyən olaraq qalır.
Hesabatda qeyd edilib ki, hazırda bazara təzyiq göstərən digər amillər Yaxın Şərqdəki vəziyyət və tədarük zəncirində yaranan çətinliklərdir. Hindistan almazların təxminən 70%-ni BƏƏ və İsraildən idxal edir, eyni zamanda almaz məhsullarının 20%-ni bu ölkələrə ixrac edir. Ekspertlər bildirirlər ki, bu amillər bütövlükdə almaz-brilyant sənayesində aktivliyin zəifləməsinə gətirib çıxara bilər.