“Azərbaycanda qiymət artımı davam edəcək”  

Azərbaycanda illik inflyasiya 13 faizə çatıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumata görə,təkcə iyul ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 faiz, ötən ilin iyul ayına nisbətən 113,7 faiz olub.Ötən ay ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, ötən ilin iyul ayına nisbətən 120,3 faiz təşkil edib. 

Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün,qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, azalma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub.Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 İqtisadçı-ekspert Rəşad Həsənov  hazırkı infelyasiya təzyiqləridən “Sherg.az”a danışıb: 

“Düzdü son iki həftədə neftin qiymətinin ucuzlaşması, eyni zamanda, Ukrayna taxılının dünya bazarlarına çıxarılması nisbətən pozitiv meyilləri özündə əks etdirir. Buna baxmayaraq hələ də qiymət artımları davam edir. Bütün ölkələr üzrə qlobal səviyyədə,həmçinin, Azərbaycan üzrə istehsal qiymətləri indeksinə baxanda görürük ki,istehsal qiymətləri daha yüksək səviyyədə artıb. Hazırda həmin maya dəyərində baş verən artımı tam olaraq bazarda istehlak qiymətlərində görmək olmur. 

Çünki dünya əhalisi pandemiyadan yeni çıxıb, iqtisadiyyat tam bərpa olunmayıb. Nəticədə alıcılıq gücü aşağı düşüb. Belə bir şəraitdə maya dəyərinin artmasından yaranmış xərci birmənalı şəkildə son satış qiymətlərinə ötürmək çətin olur. Bu da əlbəttə ki, növbəti dövrlərdə mütləq şəkildə istehlak qiymətlərində əks olunacaq, inflyasiya yaradan faktor kimi çıxış edəcək”.

İqtisadçı diqqətə çatdırıb ki, bütün bununla yanaşı  xüsusilə də ərzaq təchizatı ilə bağlı ciddi narahatlıq hələ də qalır:

 “Xüsusilə 2023-cü il üçün beynəlxalq təşkilatların da xəbərdarlığı var.Bir sıra ərzaq məhsulları üzrə  ciddi qıtlığın olması gözlənilir. 

Ölkəmiz əsas idxalçı ölkələrdən biridir. Belə bir şəraitdə təbii ki, növbəti dövrlər üçün Azərbaycanda da qiymət artımı davam edəcək”.