3 manata qutab olar?! 

Azərbaycanlı jurnalist ərəb turistlə birgə “soydular”

Fuad İbrahimov:“Belə əməllər həmin turistlərin növbəti dəfə səfər üçün Azərbaycanı seçməməsinə səbəb olur”


Həmkarımız  İlham Quliyev Azərbaycanın  qabaqcıl turizm bölgələrindən biri olan Qax rayonuna gedərkən maraqlı hadisə ilə qarşılaşıb. Jurnalist bu barədə özünün “Facebook” hesabında qeyd edib:

 “Qaxa gedəndə Oğuzda yol kənarında maşını saxlayıb qutab alırdım. Bizdən qabaq bir mikroavtobus saxlamışdı.İçi dolu uşaq idi. Gördüm bir ərəbdir, ailəsi ilə istirahətə gedir, qutab alır, sürücü ona tərcüməçilik edir. Qiyməti soruşdum, satıcı bir mənə, bir sürücüyə baxıb ət qutabını 3 manata dedi.Ərəb və tərcüməçisi bir xeyli qutab və çörək alıb getdilər. Mən də ət qutabını 3 manatdan aldım. Qayıdanda yenə eyni yerdə yolun əks tərəfində saxladım, dedilər ət qutabı 2 manatdır. Dedim 3 gün əvvəl 3 manat almışam.Dedilər yəqin ərəb turistlərlə eyni vaxtda almısınız, onlara 3 manat deyiblər deyə, sizə də 3 manata satıblar”. 

Hadisədən sonra jurnalist belə bir qənaətə gəlib ki, ölkəyə gələn turistdən yol kənarında qutab bişirən xalalardan tutmuş, onları tura aparan sürücülər, otellərində qonaq edən sahibkarlar,mağaza sahiblərinə qədər xeyli adam yararlanır.

İqtisadçı Fuad İbrahimov  ölkəmizə gələn turistlərə qarşı sui-istifadə hallarından  “Sherg.az”a danışarkən bildirib ki, bu yanaşma bizə sovetdən qalıb: 

“ Elə bil ki, əcnəbi qonağa mütləq şəkildə nəyisə daha baha satmalıyıq. Biz qonaqpərvər xalqıq. Hər şeyin ən yaxşısını qonağa veririk. Ancaq ticarətdə görsək ki,  kənardan kimsə gəlib mütləq şəkildə bütün problemimizi onun hesabına həll etmək istəyirik. Uşaqların da, gələcək nəsilin xərclərini də o şəxslərin hesabına ödəmək istəyirik. Bax, bu çox yırtıcı yanaşmadır. Sağlam yanaşma belə olmur. Bunun bizim ölkənin iqtisadi göstəricisinə heç bir aiddiyəti yoxdur. Sadəcə olaraq bu yolla turistin cibindəki artıq pulu öz cibimizə transfer edirik. Gör adamlar nə həddə çatıb ki, öz vətəndaşını da turistə qatıb ikisini birdən aldadıb”. 

İqtisadçının fikrincə, belə əməllər həmin turistlərin növbəti dəfə səfər üçün Azərbaycanı seçməməsinə səbəb olur:
“Gürcüstanda bunu heç vaxt etməzlər, eləcə də, digər ölkələrdə. Amma bizdə edirlər. Bu postsovet vaxtından bizə qalan xəstəlikdir. Çox təəssüflər olsun ki, nəsildən-nəsilə keçir aradan qalxmır. Turizm sektorunu idarə edən dövlət nəzarət orqanları bu sahədə maarifləndirmə aparmalıdır. Belə obyekt sahiblərinə başa salınmalıdır ki, sən bu addımınla turistin növbəti gəlişini əngəlləyirsən. O turist nüfuzlu, məşhur bloqer olar, gedib bircə məqalə ilə digər turistləri sənin ölkənin əleyinə qaldırar. Bir manat artıq qazanmaqla kimsənin cibi dolmayacaq. Belə adamlar ölkə turizmi üçün ləkədir . Bu hallar ölkəmiz üçün  yaxşı fon yaratmır”.

F.İbrahimov diqqətə çatdırıb ki, bizim ölkəyə gəlmək üçün təyin edilmiş qiymətlər onsuzda cazibədarlığı azaldır:

“Bir yandan da xidmət sektorunda belə özbaşınalıqlar olsa, məmləkətimiz turist  üzünə həsrət qalar”.