Kiçik kreditlərin verilməsində PROBLEM: "O qədər sənəd istəyirlər ki..."


  “Kredit üçün o qədər sənəd istəyirlər ki, tapana kimi mövsüm bitir". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, bizim kifayət qədər böyük tikililərimiz - binalarımız, aeroportlarımız, olimpiya komplekslərimiz var: "4 il bundan əvvəl Lənkəran Beynəlxalq Hava Limanının icarəyə verilməsi təklifi ilə çıxış etmişəm. Amma mənim bu təklifim çox pis qarşılanıb. Hava limanını icarəyə götürmək üçün yerli investorlar olmasa da, Rusiyadan olan iş adamları bunda maraqlı idi. Ötən dəfə Mərkəzi Bankın sədri Milli Məclisdə idi. O zaman da təklif etmişdim”.
  Rüfət Quliyev bankdan kredit götürmək sahəsində problemlərdən də söz açıb: “Bankdan kredit götürmək üçün o qədər sənəd, arayış istəyirlər ki... Vətəndaş onu tapana, gətirənə qədər mövsüm bitir, heç nə də əkə bilmir. Kiçik kreditlər, 5 min manatdan 25 min manata qədər olan kreditlər sürətlə verilsin. Doğrudur, burada sahibkarın məsuliyyəti də nəzərə alınmalıdır”.