Kredit faizlərində azalma olacaq? - AÇIQLAMA

Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil

  Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25 faiz səviyyəsində dəyişməz saxlanılıb və qərar qüvvəyə minib. 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəzi Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya da getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də, proses artıq stabilləşmə fazasına daxil olub. Ekspertlərə görə, uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır.
  Millət vəkili Vüqar Bayamov "Sherg.az"a deyib ki, makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaradır. Lakin deputatın fikrincə, inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdəki dəyişikliklərlə bağlıdır: 

"Bu isə illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaradır və belə göstəricidə dəyişikliklərə səbəb olur. Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır. Yəni uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı? Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarının kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir. Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar davam edir. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 10 faizlə qəbul edirlər. Bir müddət öncə orta hesabla 6 faiz təklif olunurdu. Kredit faizlərində artımların olmaması üçün uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".