İlin sonuna qədər təhlükə yoxdur - Hələ ki, Mərkəzi Bank manatı qoruyur



  ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacağı gözlənilir. Artıq qlobal birjalar FED-in potensial addımına reaksiya verməkdədirlər. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənib. 57 faizini avro təşkil edən səbət valyutalar bu ilin geridə qalan aylarında dollara nisbətən ümumilikdə 20 faizə yaxın dəyər itiriblər. Ötən həftə dollar ilə kursu bərabərləşən avro yenidən ABŞ pulundan ucuz təklif olunur. Avropa Mərkəzi Bankının son qərarına rəğmən, avronun məzənnəsində artımlar müşahidə olunmadı. ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir. Bəs Azərbaycanda da dollar bahalaşa bilərmi?
  Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, Azərbaycan Mərkəzi Bankı ilin sonunadək manata təhdidlərin olmadığını bildirib. Deputatın sözlərinə görə, bununla yanaşı, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzunmüddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı: "Bu, milli valyutada yığımlar və uzunmüddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımından da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".