İş şəraitinin ağırlığı nəzərə alınaraq eyni sahədə çalışan mütəxəssislər arasında belə bir fərq qoyulmalıdır
Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
İqtisadçı-ekspert Əyyub Kərimli “Şərq”ə açıqlamasında bildirib ki, ölkəmizdə bu praktikadan artıq istifadə olunur. Güc strukturları və mədənçıxarma müəssisələrində dağlıq bölgələrdə çalışan şəxslərin aylıq əmək haqlarına əlavə əmsallar tətbiq edilir:
“Bu yanaşma sadəcə bizdə deyil, bütün dünyada mövcuddur. İş şəraitinin ağırlığı nəzərə alınaraq eyni sahədə çalışan mütəxəssislər arasında belə bir fərq qoyulur.
Metropolitendə çalışan mütəxəssislər dəmiryolunda işləyən həmkarlarından daha çox məvacib alırlar. Eyni ilə də SOCAR-da dənizdə işləyən neftçilərlə quru sahəsində fəaliyyət göstərən mütəxəssilərin maaşı arasında müəyyən qədər fərq var.
İşğaldan azad olunan rayonlarımızda da infrastruktur və yaşayış şərtləri paytaxt və digər bölgələrimizdəki şərtlərlə eyni olmadığı üçün orada çalışan insanların yüksək maaş alması məqsədəuyğundur. Həmçinin peşəkar və ixtisaslı mütəxəssislərin bölgəyə cəlb olunması baxımından da bu, təqdirəlayiq bir təklifdir.
Gəncə və Sumqayıt kimi şəhərlərdə işləyən, səhər işə gedib axşam evinə gələn bir işçi 500-600 manat aylıq əməkhaqqı qarşılığında Qarabağda şəraitsiz ərazidə işləyib, vaqonlarda yaşamaq istəməz axı. Bu insanları ağır şəraitdə işləməyə həvəsləndirmək üçün mütləq yüksək əməkhaqqı təklif olunmalıdır”.