Elə şərait yaratmaq lazımdır ki, müştəri də razı qalsın, satıcı da
Kənd Təsərrüfatı Nazirliyinin 19-20 noyabr tarixlərində təşkil etdiyi “Kənddən Şəhərə” həftəsonu yarmarkasına maraq qənaətbəxş olub.
İstehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilən yarmarkaya gedən alıcıların dediyinə görə, qiymətlər market və dükanlardan daha ucuz olub.
İqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında deyib ki, yarmarkaların təşkili alıcılıq qabiliyyəti zəif insanlara kömək üçün təşkil olunur. Bundan əlavə kənddən mal gətirən şəxslər üçün şərait yaradılır:
“Yəni onlardan yer pulu alınmır, onlar üçün yer şəraiti baxımından daha çox alıcı kütləsi olan yerlərdə bu yarmarkalar təşkil olunur. Müəyyən ləvazimatlar verilir. Narazılığın olmaması üçün burada alıcı və sahibkarın qeydləri nəzərə alınmalıdır ki, alıcı nə istəyir, satıcı nədən narazıdır? Bundan sonra məsələ təhlil olunmalıdır. Əgər ümumi götürsək, narazılıqları aşağıdakı kimi səciyyələndirmək olar. Alıcı malların keyifyyətindən narazı ola bilər. Keyfiyyətiz kənd təsərrüfatı məhsulların ucuz satılması görünsə də, əslində marketlərlə müqayisədə bir çox hallarda eyni qiymət müşahidə olunur. Tutaq ki, 1 kilo əzilmiş pomidor marketdən ucuz satılsa da, onu ümumi qiymətlə müqayisə etsək o qədər də fərq etmir. Yəni 10 və 20 qəpik fərq edəcək. Alıcıya lazımdır ki, marketdə gördüyü məhsulu 10 və 20 qəpik ucuz yarmarkadan alsın. Əks halda bu yarmarkalar effektsiz olacaq. Daim narazı qalan kütlə olacaq. Satıcı isə çalışır ki, yolda əzilmiş və ya sıradan çıxmış məhsulları da qısa müddət ərzində satsın, amma burada onun qazancı da olmalıdır ki, kəndə boş qayıtmasın. Bundan əlavə, müsahibələrimdə dəfələrlə qeyd etmişəm ki, yarmarkalarda bəzi hallarda kəndli öz məhsullarını gətirib orada rahat sata bilmir. Məhsulun bir müddət qalması əlavə xərc tələb edir. Bunun qalması, daimi yeməklə təmin olunması məsələsi də var. Bu baxımdan kəndlilərin ora mal gətirməsi üçün satış yerlərindən əlavə, qalmaları üçün yerlə təmin etmək lazımdır. O qalma yerləri müvvəqqəti mobil yerlər də ola bilər. Kəndli yalnız düşünməlidir ki, məhsulunu satsın”.