Dəyişikliyin məqsədi ölkədən qanunsuz valyuta axınının qarşısının alınmasıdır
"Hər bir ölkə ilk növbədə öz maliyyə təhlükəsizliyini təmin etməlidir. Ölkədəki xarici valyuta da milli iqtisadiyyata xidmət etməlidir"
Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana 50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq.
Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, qaçaqmalçılıq cinayəti əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda, yəni 50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.
Layihəyə əsasən, eyni əməllər vəzifəli şəxslərin öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və ya külli miqdarda, yəni 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlığın azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
İqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, dəyişikliyin məqsədi ölkədən qanunsuz valyuta axınının qarşısının alınmasıdır. Xaricdən qanunsuz daxil olan valyuta vəsaitlərinin xatırlanması isə sadəcə zahiri obyektivliyi qorumaq üçündür. Yəni dövlət hər iki istiqamətdə qanunsuz valyuta axınının qarşısını almaq istiqamətində sərt mövqe tutacağını bəyan edir:
“Əlbəttə, indi də həm İnzibati Xətalar Məcəlləsi (430 və 483-cü maddələr), həm də Cinayət Məcəlləsi (208-ci maddə) valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin məsuliyyət yumşaqdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, valyuta tənzimi qaydalarının pozulması və xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə yalnız cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinə əsasən isə yalnız xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş xarici valyuta vəsaitlərinin 180 gün ərzində Azərbaycandakı bank hesabına köçürülməməsinə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu xəta və cinayət tərkiblərinin özü də çox qüsurlu formada təsbit edilib. Çünki bir qayda olaraq, şəxsin xaricdən mal aldığı təqdirdə avans köçürdüyü halda malın gəlməməsinə və ya satdığı malın haqqının ödənilməməsinə görə onun təqsiri olmaya da bilər. Olsa da belə, bunu sübut etmək çox çətindir. Deyəcək ki, nə edim, xaricdəki kontragentim öhdəliyini pozur: malı göndərmir və ya pulu ödəmir. Təbii, belə qeyri-müəyyən vəziyyət hüquq-mühafizə orqanlarının da sui-istifadə və korrupsiya imkanlarını genişləndirir.
Bu baxımdan daha sərt yanaşma məntiqlidir. Dünyada geosiyasi vəziyyət olduqca gərgindir, iqtisadi proqnozlar da ürəkaçan deyil. Liberal yanaşma artıq aktual deyil. Hər bir ölkə ilk növbədə öz maliyyə təhlükəsizliyini təmin etməlidir. Ölkədəki xarici valyuta da milli iqtisadiyyata xidmət etməlidir”.
Ekspertin sözlərinə görə, bu dəyişiklik qanunsuz yolla ölkədən çıxarılan pulların qarşısını əhəmiyyətli dərəcədə alacaq.