2023-cü ildə də manatın məzənnəsinin qorunub saxlanılması üçün imkan olacaq
"Naxçıvanda yeni idarəçilik üsullarının əhatəsi və təsir dairəsi tam genişləndiriləcək. Orada insanlar üçün müstəqillikdən bəri müşahidə edilməyən yeni sosial və iqtisadi dövrün başlanılması olacaq"
Beynəlxalq qurumların 2023-cü illə bağlı proqnozlarından aydın olur ki, inflyasiya göstəriciləri yenə yüksək olacaq. Düzdür, bəzi qurumların fikrincə, qiymət artımının səviyyəsi 2022-ci illə müqayisədə daha aşağı olacaq. Ancaq bir çox ölkələrdə inflyasiya göstəriciləri yenə proqnozları aşacaq.
Azərbaycanda da gələn il üçün hökumətin inflyasiya göstəricisi hədəf diapazonunun üzərindədir. Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyində bu məsələyə ayrıca toxunub.
Belə ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda həmin illər Azərbaycanda illik inflyasiya göstəricisinin 4±2 faiz intervalında qorunması hədəf kimi müəyyənləşdirilib. Di gəl, orta illik inflyasiyaya dair proqnoz bilgilərinin təhlili 2022-2026-cı illərdə hər il orta hesabla 6.2 faiz inflyasiyanın qeydə alınacağını deməyə əsas verir. Ayrıca 2023-cü il üçünsə inflyasiya proqnozu 6.9 faizdir. Bu, hədəf diapazonunun yuxarı həddindən bir qədər çoxdur.
Bəzi beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında inflyasiya göstəricisi daha yüksək göstərilir. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozu 10.8 faizdir. Bu ilin əvvəlində də hökumət ölkədə inflyasiyanın yuxarı həddinin 6 faiz olacağını proqnozlaşdırırdı, amma hazırda bu göstərici 14 faizə yüksəlib. Bu baxımdan, Palatanın büdcə layihəsində vurğuladığı tənqidi məqamlardan biri hökumətin inflyasiyaya dair yalnız optimist ssenari açıqlamasıdır. O üzdən Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsində də təkcə optimist ssenarinin (təkrəqəmli inflyasiya halı) nəzərə alınmasını çatışmazlıq sayıb.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Şərq”ə açıqlamasında 2023-cü illə bağlı ümumi iqtisadi gözləntilərini açıqlayıb. İqtisadçının sözlərinə görə, ən “yükü ağır” proqnoz 2023-cü ildə devalvasiya ilə bağlıdır: “2023-cü ildə də manatın məzənnəsinin qorunub saxlanması üçün imkan olacaq. Neft və qazın qiymətinin yüksək, müsbət ticarət saldosu, 55 milyard ətrafında valyuta ehtiyatı, dollara ölkədə getdikcə azalan tələbat, ölkədən xaricə valyuta çıxaran kanalların daraldılması, valyuta ehtiyatlarına nəzarətin gücləndirilməsi və digər məqamlar Azərbaycan hökumətinə imkan verir ki, 2023-cü ildə də devalvasiya qərarı verilməsin. Eyni zamanda 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına görə də manatın məzənnə stabilliyi qorunub saxlanılmalıdır. 2023-cü ilin büdcəsinin təhlili də bunu təsdiqləyir. Həm də axı hazırkı məqamda ölkədə makroiqtisadi tarazlığı qoruyub saxlamaq üçün manatın məzənnə stabilliyinə önəm vermək çox vacibdir. Neft qiymətlərində kəskin enişlər baş verməzsə və bu enişlər aylarla davam etməzsə, hökumət üçün manata olan təzyiqi qarşılamaq çətin olmayacaq”.
E.Əmirovun sözlərinə görə, inflyasiyanın 2023-cü ildə hökumətin proqnozlaşdırdığı 6.9 faizlik göstəricidən yuxarı olması daha gözləniləndir: “İnflyasiyanın proqnozdan yuxarı olması proqnoz edilən gəlirlərdən daha çox gömrük və vergi yığımlarının əldə edilməsinə imkan verəcək. Bu da büdcə gəlirlərinin artmasına, büdcə kəsirinin proqnoz ediləndən daha az olmasına şərait yaradacaq. Büdcədən maliyyələşən təşkilatlar arasında əməkhaqqı artımı daha çox Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışanlarda gözlənilir. Bu sahədə işləyənlərin əməyinin qiymətləndirilməsi və restifikasiyası prosesindən keçənlərin əməkhaqqında ciddi artımlar baş verəcək”.
Ekspertin fikrincə, dövlət sektorunda çalışanların əməkhaqqının ciddi həcmdə artırılması gözlənilən deyil. Çünki 2023-cü ilin dövlət büdcəsində əməyin ödənilməsi üzrə xərclərin 8 milyard 480 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 faiz çoxdur: “2023-cü il dövlət büdcəsinin gəlirləri 31 milyard manatı keçməklə yeni rekord müəyyən edəcək. Düzdür, hazırda bu göstərici 30 milyard 774 milyon manat proqnoz edilsə də, neftin qiyməti büdcədə nəzərdə tutulduğu 50 dollarlıq həddən 70-80 faiz daha baha olması daxil olan valyuta ehtiyatlarının proqnozlardan daha yuxarı olmasına səbəb olacaq. Böyük ehtimal ki, yayın sonuna doğrü büdcəyə yenidən baxılacaq və gəlirlər artırılacaq. Pensiyaların orta illik əməkhaqqı artımına uyğun indeksasiya edilməsi səhəsində 14-15 faizlik bir pensiya artımları gözlənilir. Bu qəbildən olan qərarların qəbulu üçün 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 300 milyon manat çoxdur. Ümumi Daxili Məhsulun real artım tempinin 2.5-2.6 faiz ətrafında olması və orta aylıq əməkhaqqının isə 900 manata çata bilməsi realdır”.
İqtisadçının proqnozlarına görə, taxılın ən yüksək qiyməti 2022-ci ildə geridə qalacaq. O, 2023-cü ildə hər hansı ciddi ərzaq çatışmazlığının olmayacağını düşünür: “Ticarət dövriyyəsində ən çox artım dinamikasının Orta Asiya ölkələri ilə baş verəcəyini, Orta Asiya resursların Azərbaycan üzərində nəqli üçün önəmli bir dövrün başlanğıcını gözləmək olar. Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinə başlayacaq. Azərbaycanın qaz ixracı 24 milyard kub metrə çatacaq. TAP vasitəsilə Avropaya qaz ixracı 11,6 milyard kub metrə çatacaq”.
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə gəldikdə isə ekspert ötən iki illə müqayisədə 2023-cü ildə işlərin daha da sürətlənəcəyini deyib. Laçın hava limanının açılması gözlənilməsə də, nəqliyyat-kommunikasiya işləri sürətləndiriləcək”.
“Azərbaycanda iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsində, daha mütərəqqi qanunların qəbul edilməsi, sahibkarlığın dəstəklənməsi üçün münbit mühitin formalaşdırılması gözlənilir”,- deyə E.Əmirov əlavə edib.
İqtisadçının sözlərinə görə, Naxçıvanda yeni idarəçilik üsullarının əhatəsi və təsir dairəsi tam genişləndiriləcək. Orada insanlar üçün müstəqillikdən bəri müşahidə edilməyən yeni sosial və iqtisadi dövrün başlanılması olacaq. Ən əsası Naxçıvanla Azərbaycanın digər əraziləri inteqrasiya ediləcək və Naxçıvanda sahibkarlıq fəaliyyəti üçün yeni dönəm başlayacaq: “2023-cü ildə Ermənistanla sülh sazişinin imzalanma ehtimalı da çoxdur. Rusiyanın müharibə uğursuzluğunun məntiqi sonluğu, Makronun hakimiyyətdən getməsi və ya mövqeyində dəyişmələr gələn il sülh sazişinin imzalanması üçün ən əlverişli şərait yarada bilər. Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması ilə o qədər bağlıdır ki, ikinciyə imkan verən səbəblər birincini qaçılmaz edəcək. Prezidentin ərazilər üzrə xüsusi nümayəndəliklərinin sayının artırılması və ölkə üzrə idarəetmənin daha mütərəqqi formalarının genişləndirilməsi gözləniləndir. Korrupsiyaya qarşı mübarizənin gələn il də davam etdirilməsi və yeni xəbərlərin eşidilməsi istisna deyil”.