Yem və yem əlavələrinin gömrük rüsumundan azad edilməsi, aqrar məhsulların qiymətinin ucuzlaşmasına səbəb ola bilər
Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.
Nazirlər Kabinetindən “Şərq”ə verilən məlumata görə, maya kulturaları, quru aktiv mayalar, hazır çörəkçilik tozları, heyvanların yemlənməsi üçün istifadə edilən həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar, heyvanların yemlənməsi üçün istifadə edilən tərkibində süd məhsulları olmayan və ya bu məhsullar, heyvanların yemlənməsi üçün tərkibində nişasta, qlükoza, qlükoza siropu, maltodekstrin və ya maltodekstrin siropu olmayan, lakin süd məhsulları olan məhsullar, heyvanların yemlənməsi üçün melassa əlavəsi ilə çuğundur cecəsi bu il 15 faiz idxal gömrük rüsumundan azad olunub.
Salatlıq və ya yarpaqlı çuğundurun toxumlarında başqa digər tərəvəz bitkilərinin toxumları və balıqdan və ya xərçəngkimilərdən, molyuskalardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da 31 dekabr 2023-cü ilədək 5 faiz idxal gömrük rüsumundan azad edilib.
Qeyd edək ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə sözügedən idxal yem və yem əlavələri gömrük rüsumundan azad edilib və dekabrın 31-də bu güzəşt müddəti bitib.
Məsələ ilə bağlı "Sputnik Azərbaycan"a açıqlama verən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin sözlərinə görə, sözügedən yemlərin gömrük rüsumundan azad edilməsi ilə bağlı müvafiq qurumlardan müsbət cavab alınıb. Sənədlər hazırda Nazirlər Kabinetindədir: “Yaxın müddətdə Nazirlər Kabineti bu işə baxacaq. Amma əgər rüsum götürülməsə, yemin qiymətində artım müşahidə ediləcək. Nəticədə toyuq ətinin və süfrə yumurtasının qiyməti qalxa bilər. Başqa sözlə, toyuq ətinin hər kiloqramında 15-20 qəpiyə kimi artımın olması ehtimalı var. Lakin idxal yemlərinin gömrük rüsumundan azad edilmə müddətinin artırılması gözlənilir. Ötən il yemlərin idxalı gömrük rüsumundan azad ediləndən sonra qiymətlər 2021-ci ildəki qiymətlərdən də aşağı düşüb".
Yem xərclərinin toyuq ətinin maya dəyərində payının 70 faizə yaxın olduğunu vurğulayan Assosiasiya sədri deyib ki, məhsulun maya dəyərində yem xərcləri əsas rol oynayır: "Yem xərclərinin toyuq ətinin maya dəyərində payı 70 faizə yaxındır. Yemin qiyməti ucuz olarsa, toyuq ətinin də qiyməti ucuz olur. Biz yem əlavələrini adətən xaricdən gətiririk. Xaricdə satılan yemlərin qiymətində hazırda bahalaşma yoxdur, əksinə, müəyyən yemlər ucuzlaşıb".
M.Həsənlinin sözlərinə görə, əgər idxal rüsumu götürülsə, toyuq əti və yumurtanın qiyməti stabil olaraq qalacaq: "Hazırda soyudulmuş toyuğun bir kiloqramının fabrikdən çıxış qiyməti 4-4,50 manat civarındadır. Ötən ilin sentyabr ayında isə soyudulmuş toyuğun bir kiloqramının fabrikdən çıxış qiyməti 5-5,50 manat idi. Keçən il süfrə yumurtasının pərakəndə satışı 19 qəpik idi, bu il isə 16-17 qəpikdir".
M.Həsənli diqqətə çatdırıb ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır: "Ölkədə 5 milyona yaxın yumurta istehsal edilir. Azərbaycanda yerli yumurta istehsalı daxili tələbatı 130 faiz ödəyir. Qətərə, İraqa, Əfqanıstana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə yumurta ixrac edirik".
Millət vəkili Vüqar Bayramov isə deyib ki, hökumətin fermerləri dəstəkləyən addımları bazara birbaşa deyil, dolayı mexanizmlə təsir edir. Onun sözlərinə görə, yem və yem əlavələrinin gömrük rüsumundan azad edilməsi, aqrar məhsulların qiymətinin ucuzlaşmasına səbəb ola bilər: “Bütün bu dəyişikliklər sahibkarların xərclərinin azalmasına səbəb olacaq və bu da gözlənilir ki, idxal edilən məhsulların qiymətlərinə təsir göstərsin. Yəni xərclərin azalması həmin məhsulların qiymətlərinin də ucuzlaşmasına imkan yaradacaq. Ancaq bunun bazarda qiymətlərə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Təəssüf ki, bəzi hallarda sahibkarların xərcləri azalsa da, onlar qiymət azalmalarına getmirlər. Bütün hallarda xərclər azaldığı üçün sahibkarlar tərəfindən idxal edilən məhsulların qiymətlərində endirimlər ola bilər”.