Çünki kreditorların hüquqları qorunmayan ölkədə əlverişli investisiya mühiti ola bilməz
“Hazırda 21 müflis bank ləğv prosesindədir. Ləğvedici də Əmanətlərin Sığortalanması Fondudur (ƏSF)”. Bu sözləri hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
Ekspert “Şərq”ə açıqlamasında bildirib ki, ƏSF-in işi həmin bankların əmlakını baha qiymətlə satmaq və verdiyi kreditləri qaytarmaqdır. Əldə olunan vəsait də kreditorlar (bankda pulu qalmış şəxslər) arasında mütənasib şəkildə bölüşdürülməlidir: “Bu prosesin düzgün həyata keçirilməsi üçün şəffaflıq və ictimai nəzarət lazımdır. İlk növbədə də kreditorların nəzarəti, çünki müflis banklar faktiki onlara məxsusdur. Lakin reallıqda kreditorlar bu prosesə heç yaxın da buraxılmır. ƏSF onlara adekvat məlumat vermir. Prosesə formal nəzarəti Apellyasiya Məhkəməsi həyata keçirir. Amma həmin məhkəmə icraatı da şəffaf deyil, kreditorlar komitəsinə heç bir məlumat verilmir. ƏSF-in rəhbəri Azad Cavadov və Vüqar Abdullayev olanda, o, daha şəffaf idi. Son illər ərzində ƏSF-in özbaşınalığı artıb. ƏSF həm bankların əmlakını qeyri-şəffaf satır, həm də ƏSF bankların əmlakının əksər hissəsini ümumiyyətlə satmır, bəzilərini xəlvəti idarə edib gəlir götürür. ƏSF bankların kreditləri üzrə borcalanlara kreditorların maraqlarına zidd və onlardan xəbərsiz olaraq güzəştlər edir, bəzi kreditləri tələb etmir, iddia müddətlərini buraxır, bu işləri savadsız, qeyri-dürüst aparır. Bankların ləğvinə yüksək və kreditorların maraqlarına zidd şəkildə xərclər çəkir, daxil olan vəsaitləri kreditorlar arasında qeyri-dürüst bölüşdürür. Bu siyahını davam etdirmək də olar. Əsas odur ki, məhz bu qanunsuz və özbaşına fəaliyyətinin ifşasından qorxaraq ƏSF kreditorlara məlumat vermir”.
Ekspertin sözlərinə görə, problemi aradan qaldırmaq üçün müflis bankların kreditorları birləşməlidir. İlk növbədə kreditorlar komitələri qurultay keçirməli və mövcud problemləri müzakirə edərək ƏSF-yə qarşı yekdil müqavimət strategiyasını razılaşdırıb hərəkətə keçməlidirlər: “Çünki kreditorların hüquqları qorunmayan ölkədə əlverişli investisiya mühiti ola bilməz. Həmin ölkədə banklara pul qoyan olmayacaq. İnsanların və sahibkarların pulunu əvvəlcə banklar və onlara nəzarət edənlər yeyib-dağıdır, sonra da olan-qalan əmlakın başına ƏSF daş salır. Buna son qoyulmalıdır”.