Bakı “boğulur”!Deputat: Rayonlarda şərait var, amma kəndlilər..”  - TƏNBEH!

“...Rayonlarda daha çox kənd təsərrüfatı ilə məşğul olmalıdırlar”

“Həyətyanı sahələrdə əkin-biçin işləri görməlidirlər. Beləliklə, özləri öz ehtiyaclarını kənd təsərrüfatı məhsulları ilə ödəyərlər”

"İnsanların rayonlardan paytaxta axın etməsi ümumbəşəri problemdir. Elmi dildə desək, urbanizasiya prosesidir".
Bunu "Sherg.az"a millət vəkili Rüfət Quliyev insanların rayonlardan Bakıya axın etməsindən danışarkən deyib.

 Deputat diqqətə çatdırıb ki, mövcud hal bütün ölkələrdə bu və ya digər formada baş verir:

"İnsanlar regionlar, rayonlar, kiçik şəhərlərdən daha böyük şəhərlərə qaçırlar. Səbəblərdən biri, böyük şəhərlərdə iş tapmağın nisbətən asan olmağıdır. Bundan başqa, şəhər maaş baxımından daha uyğundur. Adətən, regionlarla təxminən 15-dən 70-80 faizə qədər fərq edir. Bu, təkcə Azərbaycana yox, bir çox ölkələrə də aiddir. Üçüncüsü isə, komforta düşkün xalqıq.  Düşünürəm ki, bu gün rayonlarda kifayət qədər infrastruktur layihələr həyata keçirilib, şərait var. Sadəcə olaraq, adamlar rayonlarda daha çox kənd təsərrüfatı ilə məşğul olmalıdırlar. Həyətyanı sahələrdə əkin-biçin işləri görməlidirlər. Beləliklə, özləri öz ehtiyaclarını kənd təsərrüfatı məhsulları ilə ödəyərlər. Dövlət kiçik və orta biznes üçün regionlarda daha yaxşı imkanlar yaratmağa çalışır ki, iş yerləri olsun. Əmək bazarında alıcı və satıcı var. Yəni əmək qüvvəsini satan və alan olur. 

Bu, bazar iqtisadiyyatının aksiomudur. Lakin digər tərəfdən də dünyada kənd təsərrüfatının öz spesifikası nəzərə alınmalıdır. İnsanlar çalışıb, öz əllərində olan, həyətyanı torpaqları icarəyə götürüb, korporativ yaratmalıdırlar. Onu əkmək, becərmək, kənd təsərrüfatı texnikasını istifadə etməlidirlər. Məsələnin həlli yolu burdadır. Rayonlarda kifayət qədər bol kənd təsərrüfatı məhsulu olsa, mərkəzdəki bütün emal fabriklərinin bir çoxu rayonlarda, regionlarda fəaliyyət göstərəcək".

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün Feysbuk hesabında mühüm məsələyə toxunub. O yazır:

"Bakıya qayıtdıq. Bir müşahidəmi bölüşəcəyəm - hər dəfə rayona (söhbət Gədəbəydən gedir) gedəndə daha çox evlərin qapısında qıfıl görürəm. Bu, yaxşı hal deyil. Bakıya toplaşma milli faciə yaradacaq. Lakin kəndin ocaqları sönür, insan nəfəsi evlərdən çəkilir. Ona paralel bağlar quruyur, sular kəsilir, yollar dağılır. Kəndin spesifikası yoxa çıxır, kəndlinin istehsalı forma dəyişdirir. Özümüzdə olan istehsal resursları göz görə-görə məhv olur..."