“Quru sərhədlərin bağlı olması turizmə ciddi zərbə vurur”


"Azərbaycanda pandemiyadan öncə, quru sərhədlər açıq olan zaman ölkəyə təqribən 3 milyondan çox turist gəlirdi". 
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli quru sərhədlərin açılmamasının ölkəmizə vurduğu zərbələrdən danışarkən deyib. Ekspertin sözlərinə görə, keçən il isə bu rəqəm pandemiya dövrünün heç yarısı səviyyəsində olmayıb:

"Təbii ki, turistlərin ölkəmizə az gəlməsi ictimai iaşə müəssisələri, kafelər, restoranlar, otellərin də gəlir dövriyyələrinin azalmasına səbəb olur. Təbii ki, rəqəmsal olaraq, nə qədər ziyan dəydiyini söyləmək mümkün deyil. 

Amma ümumilikdə quru sərhədlərin bağlı olması həm sərhədyanı ticarətlə məşğul olan vətəndaşlara, həm də turizm sahəsinə ciddi zərbə vurur. İndi isə pandemiyadan əvvəlki dövrün 50 faizindən də aşağı turist qəbul edə bilirik. Quru sərhədlər açıq olsa, bu rəqəmin çox yüksələcəyini söyləmək mümkündür". 

Qeyd edək ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərini bağlamasından üç il keçib. Bu da ölkə iqtisadiyyatına mənfi təsir göstərir.