"Uzun illərdir, Azərbaycanda "Formula-1" yarışları keçirilir. Analoji böyük çempionatlar təşkil olunduqda xarici ölkələrdən çox sayda turist gəlir. Təbii ki, "Formula-1" digər yarışlardan tam fərqlidir".
Bunu "Sherg.az"a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakıda bir sıra kirayə mənzillərin qiymətinin qalxmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, oyun keçirilən vaxt hansı evlərin eyvanlarından, pəncərələrindən maşınların şütüməyi görünürsə, həmin mənzillərə tələbat artır:
"Belə olduğu halda bir neçə gün ərzində qiymətlərdə ciddi artım baş verir. Bu rəqəm təqribən 5-6 dəfəyə qədər baha olması ilə özünü göstərir. Normal zamanda həmin ərazidəki evlərin günü 50-100 manata kirayə verilirdisə, yarış ərəfələrində təxminən 300-400, hətta 500 AZN ola bilir. Bahalaşma mənzili bir yox, bir neçə nəfərin kirayə götürməsi səbəbindən baş verir. Beləliklə, oyunu rahat şəkildə izləmək imkanları yaranır. Bu, təbii ki, müvəqqətidir. Digər vaxtlarda həmin evlər insanlara lazım deyil".
E.Fərzəliyev ümumi mənzil bazarındakı qiymətlər barəsində də danışıb:
"Qiymət artımı ölkənin xüsusən, paytaxtın kirayə mənzil bazarında hər il baş verir. İllər keçdikcə bahalaşma da davam etməkdə olacaq. Kirayə mənzillər 3 kateqoriyaya bölünür: fərdi həyət evləri, köhnə və yeni tikili binalar. Paytaxtın bir çox köhnə yaşayış massivləri - Sovetski, Yasamal, Papanin, Alatava kimi digər ərazilərdəki 1-2 otaqlı fərdi həyət evləri 100-150 manata kirayə verilir.
Amma həmin evlər zamanla sökülür, yeni tikili binalarla və ya parklarla əvəzlənir. Nəticədə ucuz mənzillər bazarından çıxır. Digər ucuz evlər köhnə binalarda (3-4-5 mərtəbəli) olur. Bunların da 1 otaqlıları 300-400, 2 otaqlıları 400-500 və artan xətt üzrə gedir.
Həmin binalar artıq 2016-cı ildən başlayaraq, sökülür. Yeni tikililərdə də qiymətlər köhnə binalardan 2 dəfəyə qədər bahadır. 1 otaqlı kirayə mənzilin qiyməti təxminən 500-600 AZN-dir. Əlavə kommunal xərcləri də nəzərə aldıqda 40-50 manat artır. 2 otaqlılar 600-800, 3 otaqlılar 800-1500 civarında dəyişir.
Bahalaşmanın qarşısının alınması üçün hər hansı addımlar atıla bilər. Əsasən, kirayə qalanlar ali təhsil müəssisələrində təhsil alan tələbələrdir. Hər il bölgələrdən minlərlə tələbə Bakıya axın edir.Deməli, hər il minlərlə kirayə mənzil sırf tələbələrin istifadəsindədir.
Məcburən nisbətən şəhərkənarına üz tuturlar. Çıxış yolu tələbə yataqxanalarının yenidən bərpa olunmasıdır. İndiyə qədər orada məcburi köçkünlər qalırdı. Artıq dövlət həmin şəxsləri evlə təmin edib. Yataqxanalar sökülsə, yerində 5 yox, 10-15 mərtəbəli binalar tikilməlidir. Nəticədə tələbat azalsa, qiymətlərdə ciddi enmələr baş verəcək".
Qeyd edək ki, Aprelin 28-də Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayacaq. Bununla əlaqədar mərkəz və mərkəzə yaxın yerlərdə hotellərin və günlük kirayə verilən mənzillərin qiyməti bahalaşıb.