"İnflyasiya ilə mübarizədə tədbirlərin görülməsi zəruridir".
Bunu "Sherg.az"a iqtisadçı Rəşad Həsənov deputat Vahid Əhmədovun Milli Məcisin növbədənkənar sessiyasının ilk iclasında maaş və pensiyaların artırılması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Ekspert millət vəkilinin fikirlərini dəstəkləyib. O diqqətə çatdırıb ki, ilk növbədə, qiymət artımının qarşısı alınmalıdır:
"Bu da 3 kateqoriya üzrə - qısa, orta və uzunmüddətli olmaqla qruplaşdırılmalıdır. Qısamüddətli tədbirlərdə idxalın təşviqi, rüsumlar və vergilərin nizamlanması yolu ilə qiymət artımını müəyyən qədər əngəlləmək olar. Orta və uzunmüddətli dövrdə isə idxaldan asılılığın azaldılması, yerli istehsalın dəstəklənməsi və daxili tələbatda uyğun, keyfiyyətli məhsul istehsalı təmin edilməlidir. Digər tərəfdən isə paralel olaraq, ikinci istiqamət kimi, əhalinin alıcılıq gücünün mövcud inflyasiya təzyiqlərindən qorunması məqsədilə gəlirlərin artırılması tədbirləri də mərhələli şəkildə həyata keçirilməlidir. Bugünkü şəraitdə deputatın fikirləri ilə razılaşıram. Büdcəyə yenidən dəyişikliklər edilməsi zərurəti yaranıbsa, sosial xərclərin artırılması, müavinət, təqaüd, pensiya, əməkhaqqılara da yenidən baxılması vacibdir. Hazırda dünya təcrübəsi göstərir ki, yüksək inflyasiya dövründə hökumətlər bu məsələyə tez-tez (ildə ən azı 2 dəfə) baxmaq məcburiyyətində qalır. Azərbaycanda da bu il ikinci dəfə pensiya və maaş artırılmalıdır. Çünki proqnoz inflyasiya yenə də 10 faizin üzərindədir".
Qeyd edək ki, ötən gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Vahid Əhmədov bildirib ki, rəsmi məlumatlara görə, ərzaq məhsullarında 20 faiz, dərman məhsullarında 40 faiz inflyasiya olub. Həmçinin o, qiymət artımı, inflyasiyanı nəzərə alaraq, əməkhaqqı və pensiyaların artımı ilə bağlı addımlar atmağı zəruri sayıb.