2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon manat vəsait xərclənib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 888 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin noyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard 93 milyon manata bərabər olub. Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Məsələ ilə bağlı “Sherg.az”a danışan marketoloq Nicat Manafov söyləyib ki, Azərbaycanda kölgə iqdisadiyyatından daha şəffaf iqdisadiyyata keçid yaşanıb:
"Geyim sahəsində daha çox tırlar vasitəsi ilə vergisiz gətirilən yükd və ölkədə kassasız satış vasitəsindən kart ödənişinə keçilməsi iqtisadiyyata müsbət təsir göstərdi. Düşünürəm ki, bu rəqəmlər azdır. Gerçək statistika bundan 30-40 faiz çoxdur. Xüsusi ilə geyim sektorunda kölgə iqdisadiyyatı əhəmiyyətli rol oynayır. Əlbəttə ki, bu rəqəmlər növbəti ildə artacaq. Ancaq ümumi geyim alış- verişində böyük bir artım yoxdur. Geyim əhalinin rifah səviyyəsi və vətəndaşların sayı ilə düz mütənasibdir. Ona görə də böyük bir dəyişkənlik yoxdur. Əlavə olaraq, rəqəmlərə mövcud vəziyyətdəki inflyasiya da təsir göstərir. Çünki geyimlərin qiyməti keçən illə müqayisədə 20-30 faiz bahalaşıb. Bu da yığımların artması ilə nəticələnir".