2024-cü ilin II rübündə kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Sorğuya əsasən, banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.
İnsanların kredit kartlarına tələbinin artdığı bir dövrdə bu addımın atılması maraq doğurur. Kredit kartları üzrə kredit standartlarında sərtləşmə qərarını doğuran səbəblər hansılardır? Bu addım banklara nə qazandıracaq?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, kredit standartlarında sərtləşməyə səbəb problemli kreditlərinin artmasıdır:
''Artıq banklar hamıya, necə gəldi kredit verməyə başlayıblar. Lakin sonradan borcun ödənilməsində problemlər yaşanılır. Məsələn, ayda 1000 manat maaş alan birinə rahatlıqla kredit verilir. Lakin həmin şəxsin ailə fərdlərinin sayı nəzərə alınmır. Bir sözlə, əməkhaqqının yüksək olması kredit verilməsinə zəmin yaratmır. Maaşın neçə yerə xərcləndiyinə baxmaq lazımdır. İnsan var ki, 1000 manat maaş alır, lakin tək yaşayır. Bəziləri isə 2000 manatla böyük bir ailəni dolandırır. Yəni, banklar bu kimi nüansları nəzərə almır. Ona görə də kredit standartlarında sərtləşməyə getməyə məcbur qalırlar".