Xəzəri Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənilməsi layihəsinin əsaslı xərcləri 2024-cü ilin ikinci rübünün sonunadək 45 milyard dollar təşkil edib.
Layihənin operatoru olıab BP şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 1994-cü ildə AÇG layihəsi başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon dollar xərcləmişlər.
Qeyd olunur ki, 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 mln. ton (təqribən 4,4 mlrd. barel) neft hasil edilmişdir.
“Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4.3 milyard bareldən çox AÇG nefti dünya bazarlarına daşınmışdır. 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5707 tanker Ceyhan terminalından yola salınıb”, - məlumatda vurğulanır.
Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 mlrd. kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib.
Xatırladaq ki, 30 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin Müqaviləsi” kimi tanındı. 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılmışdır.
Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verildi. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.