2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 3.4 faiz artım edib ki, bu da sentyabrda qeydə alınan 3.5 faizdən aşağıdır.
"Sherg.az" bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz artıb.
2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz təşkil edib.
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, inflyasiya bir çox səbəblərə görə yüksələ bilər:
"Məsələn, tələbatın artması. Bəzən insanlar birdən müəyyən məhsullardan daha çox almağa başlayırlar. Bu zaman inflyasiyanın səviyyəsi qalxır. Ümumiyyətlə, inflyasiyanın qiymətləndirilməsinin müxtəlif yolları və ölçü vahidləri var. Hesab edirəm ki, statistikada göstərilən inflyasiya həddi reallığı əks etdirmir. Növbəti il inflyasiya bir rəqəmli həddə qorunacaq. Çünki buna səbəb olacaq müəyyən iqtisadi əsaslar mövcuddur. Beləki manatın, hazırda gedən prosseslərin sabitliyi dediklərimi sübut edir. Bu il və 2023-cü ildə orta və minimum əməkhaqqının artırılmaması 2025-ci ildə inflyasiyanın eyni həddə olmasına imkan verəcək. Digər tərəfdən inflyasiyanın artıb-azalmasına digər xarici amillərin təsiri var. Əgər dünya bazarlarında sabitlik təmin olunsa, o zaman Azərbaycanda da inflyasiyanın həddi eyni olacaq".