
Azərbaycan qazı Suriyada: İlham Əliyevin “enerji körpüsü” strategiyası Yaxın Şərqə çatdı
Azərbaycanın Suriyaya qaz ixracının çox ciddi səbəbləri var
Rizvan Nəbiyev: "Azərbaycan siyasi, iqtisadi, kommersiya parametrlərini nəzərə almaqla Suriyanın ümumilikdə sabitləşməsinə, inkişafına ciddi töhfə vermək niyyətindədir"
Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu günbəgün artır. Ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə, regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən formalaşdırır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişlənir, yeni layihələr gündəmə gətirilir. Tarixən neft ölkəsi olan Azərbaycan bu gün təbii qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. Bu gün 12 ölkəyə qaz ixrac edirik. 8 ölkə Avropa İttifaqının üzvüdür. Hədəf 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr ixrac ediriksə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla yanaşı, ilk dəfə Azərbaycan təbii qazını dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixrac etməyə başladı. Bu mühüm hadisə təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlıqda yeni səhifə deməkdir. Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Qaz ixracının coğrafiyasının genişləndirilməsi özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər. Yəni Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür. Həm ixrac imkanlarını, həm də siyasi təsir coğrafiyasını genişləndirir.
Millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyasının banisi Ulu Öndər Heydər Əliyevdir. Deputat vurğulayıb ki, neftlə bağlı strategiyanın əsası 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə, qaz strategiyasının əsası isə 1996-cı ildə "Şahdəniz" qazının istehsalı, ixracı ilə bağlı imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ilə qoyulub:

"Ümummilli Liderin enerji strategiyasının mahiyyəti istehsalçıları, tranzit ölkələrini və idxalatçıları bir araya gətirməklə uzunmüddətli əməkdaşlıq yaratmaq idi. Həmçinin, Azərbaycana sərmayələr cəlb etmək və daxili tələbatı ödədikdən sonra alternativ marşrutlarla ixrac vasitəsilə tərəfdaşlar qazanmaq da əsas məqsəd daşıyır. 1996-cı ildə imzalanan "Şahdəniz" müqaviləsindən 10 il sonra, 2006-cı ildə "Şahdəniz"dən ilk qaz alındı. 2007-ci ildə Azərbaycan öz daxili tələbatını ödəməyi hədəfdə saxlamaqla yanaşı, iki tərəfdaş dövlət də qazandı - Gürcüstan və Türkiyə. İlk qaz ixracı marşrutu isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri oldu. Sonradan bu marşrut genişləndirildi və Türkiyə şərqində Ərzurumdan qərbdə Yunanıstanla sərhədə qədər uzanan TANAP qaz kəməri istifadəyə verildi. 2020-ci ilin dekabrında Albaniya, Yunanıstan, İtaliyanı birləşdirən TAP qaz boru kəməri istifadəyə verildi. Beləliklə, 4 komponentdən ibarət Cənub Qaz Dəhlizi strategiyası reallaşdırıldı: "Şahdəniz" yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP. Birinci komponent "Şahdəniz" yatağının işlənməsidir. Bu yataq dünyanın nəhəng qaz yataqlarından biridir və 1.2 trilyon kub metr ehtiyatı var. Ümumilikdə Azərbaycanın qaz ehtiyatları 2.6 trilyon kub metrdən çoxdur. Cənubi Qafqaz Qaz Kəməri ikinci, TANAP üçüncü, TAP isə dördüncü mərhələdir".
Parlament üzvü qeyd edib ki, Azərbaycan Yaxın Şərqə strateji enerji körpüsünü çəkməzdən öncə digər mühüm enerji körpüləri yaradıb:
"Əvvəlcə iki şaxələndirilmiş marşrutla - "Bakı-Novorossiysk" və "Bakı-Supsa" neft kəmərləri vasitəsilə Xəzər dənizi hövzəsi Qara dəniz hövzəsi ilə birləşdirildi. Növbəti mərhələdə 1760 km. uzunluğundakı Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsi ilə Xəzər dənizi bölgəsi Aralıq dənizi hövzəsi ilə əlaqələndirildi. TANAP-ın istifadəyə verilməsi ilə Türkiyənin Asiya hissəsi Avropa hissəsi ilə birləşdirildi, yəni illik ötürücülük gücü 31 milyard m3 olan Ərzurumdan İstanbula qədər uzanan qaz kəməri işə salındı. TAP vasitəsilə Xəzər hövzəsi Adriatik sahilləri ilə birləşdirilərək böyük bir coğrafiyanı əhatə edən bölgəyə qaz ixracı başlandı. TAP qoşulan interkonnektorlar vasitəsilə Balkan hövzəsinə, Şərqi və Mərkəzi Avropa ölkələrinin bazarlarına çıxış imkanları əldə olundu. Deməli, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası düşünülmüş şəkildə, mərhələli şəkildə həyata keçirilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət strategiyasında enerji diplomatiyasının xüsusi çəkisi var. Bu, təkcə dövlətlərin enerji tələbatının ödənilməsi demək deyil, eyni zamanda onların tərəfdaş kimi qazanılması və daha yaxın münasibətlərin qurulmasıdır. Məhz bu uğurun davamı olaraq indi də Suriyaya qaz ixracı həyata keçirilir. Azərbaycanın Türkiyə vasitəsilə Suriyaya qaz ixracının bir neçə istiqaməti var ki, oradan ölkəmiz siyasi-iqtisadi və kommersiya dividendləri gözləyir. Siyasi mənada Azərbaycan-Türkiyə tandeminin, özünü doğrultmuş enerji tərəfdaşlığı fonunda Qətər və Suriyanın da iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatının 4 ölkəsinin bir araya gəldiyini görürük. Bu, cənab İlham Əliyevin xarici siyasət strategiyasında Yaxın Şərq istiqamətində həyata keçirilən kursdur. Nəzərə alaq ki, gələn il Azərbaycanda İƏT-in 16-cı Zirvə görüşü keçiriləcək. Bütün ərəb və islam dünyasının, eləcə də Avropa dövlətlərinin diqqəti Suriyanın üzərindədir. Azərbaycan ilk dövlətlər sırasındadır ki, yeni Suriya hökumətinin yanında yer alır. Yanvar ayında Azərbaycanın Suriyadakı səfirliyi öz işini bərpa etdi. Bu, onu göstərir ki, Azərbaycan hökuməti Suriyanın keçid hökumətinə siyasi və diplomatik dəstək verir. Antalya görüşündə cənab Prezident bunu bir daha gündəmə gətirdi. Beləliklə, aprel ayında Antalya siyasi razılaşması, iyul ayında Suriya rəhbərinin Bakıya səfəri, aparılan danışıqlar və Suriya hökuməti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında imzalanmış anlaşma memorandumu nəticəsində qaz ixracı reallaşdırıldı. Bunlar göstərir ki, bu məsələnin çox ciddi siyasi və geosiyasi aspektləri var. Sonrakı mərhələdə Suriya üzərindən İordaniya və Misirə qaz ixracı vasitəsilə İslam Əməkdaşlıq Təşkilatının digər dövlətlərini də enerji tərəfdaşı kimi qazanmaq perspektivi var".
R.Nəbiyev əlavə edib ki, Suriyada 13 illik vətəndaş müharibəsindən sonra yüz milyardlarla dollar vəsait lazımdır ki, ölkə əvvəlki səviyyəsinə geri dönə bilsin:
"Hətta bunun üçün 50 il zaman tələb olunduğu bildirilir. Suriyada vətəndaş müharibəsindən əvvəl gündə 400 min barrel neft istehsal olunurdu və daxili tələbatın böyük hissəsi ödənilirdi. Vətəndaş müharibəsindən sonra bu rəqəm 150 min barreldən aşağı düşdü. Azərbaycan qazının Suriyaya daxil olması nəticəsində gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq ki, bu da əhalinin beşdə birinin elektrik enerjisi təchizatını yaxşılaşdıracaq. Suriyanın ayrı-ayrı bölgələrində elektrik enerjisi təminatı 2-4 saat arasındadır. Qısa müddət ərzində 5 milyon insanın gündəlik elektrik enerji təminatı 10 saata qalxacaq. Bu, suriyalıların gündəlik həyat tərzini, iş şəraitini yaxşılaşdıracaq. Ölkənin qurulmasında da elektrik enerjisindən istifadə əvəzolunmaz mənbədir. Məsələnin digər tərəfi isə kommersiyadır. Azərbaycan öz qazını satır. Qətər dövləti maliyyələşməklə Suriyanın yanında yer alır. Bir çox ərəb dövləti Suriyanın dəstəkçisi kimi çıxış edir. Azərbaycan siyasi, iqtisadi, kommersiya parametrlərini nəzərə almaqla Suriyanın ümumilikdə sabitləşməsinə, inkişafına ciddi töhfə vermək niyyətindədir və həyata keçirilən layihələr, atılan diplomatik və siyasi addımlar bunu təsdiqləyir".