Daxili imkanlar hesabına buğda istehsalını 75 faizə çatdıra bilərik - İqtisadçı

"Ermənistan 30 il müddətində işğal altında saxladığı Qarabağ torpaqları hesabına özünün buğda ehtiyacının 20 faizini ödəyirdi. Biz də bunu edə bilərik"

"Amma kənd təsərrüfatı sahəsində həddindən artıq korrupsiya hallarına yol verilir. Hesablama Palatasının açıqlamasında da bu vardı"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə mühüm məsələlərə toxunuldu. İqlim dəyişmələrinin nəticəsi olaraq ortaya çıxan ərzaq  təhlükəsizliyi problemi dünya dövlətlərini narahat etdiyi kimi, Azərbaycan hökumətinin də daha səmərəli fəaliyyət göstərməsini vacib edir.

Cənab Prezident müşavirədə bu məsələlərə diqqət yönəldərək qeyd etdi ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır: “Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi daxili imkanlar hesabına buğda istehsalını 75 faizə çatdıra bilərik: 

- Ermənistan 30 il müddətində işğal altında saxladığı Qarabağ torpaqları hesabına özünün buğda ehtiyacının 20 faizini ödəyirdi. Biz də bunu edə bilərik. Qarabağ və ətraf bölgələrdə taxılçılığı inkişaf etdirmək üçün imkanlar var. Təkcə Qarabağ bizə buğda istehsalını 20 faiz artırmaq imkanı verir. 55 faiz üstəgəl 20 faiz, deməli 75 faiz özümüzü təmin edə bilərik buğda ilə. 

Digər məsələlərə gəlincə, Hesablama Palatasının açıqlaması vardı, Sputnik üzərindən aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, bəzi ərazilər var, hansıki əkilmir, amma subsidyalar ödənilir, şişirdilmiş rəqəmlər təqdim olunur. Bu, büdcəyə də zərər vurur, büdcə vəsaitlərindən qeyir-səmərəli istifadəyə yol açır. Ümumi vəziyyətə baxsaq, hava şəraiti, torpaq ehtiyatları və sair nəzərə alınmaqla, imkanlarımız var, özümüzü buğda ilə 75 faiz təmin edək. Amma kənd təsərrüfatı sahəsində həddindən artıq korrupsiya hallarına yol verilir. Hesablama Palatasının açıqlamasında da bu vardı və hesab edirəm ki, bu hallar aradan qaldırılmayınca, korrupsiyanın qarşısı alınmayınca daxili ehtiyacımızı ödəmək mümkün olmayacaq.