"İranda baş verən iğtişaşlar neftin qiymətini bir müddət yüksək səviyyədə saxlayacaq. Lakin bu proseslərin nəticəsi müəyyənləşdikdən sonra neftin qiyməti yenidən düşməyə başlayacaq"
Son dövrlərdə dünya enerji bazarlarında ciddi gərginlik müşahidə olunur. İranda baş verən iğtişaşlar, Venesueladakı siyasi böhran və Rusiya–Ukrayna müharibəsi qlobal neft ticarətində təlatümlərə səbəb olub. Bu geosiyasi gərginliklər neftin qiymətini müvəqqəti yüksəldir və investorları riskdən qorunmaq üçün alternativ aktivlərə, xüsusilə qızıl və gümüşə yönəldir. Analitiklərin fikrincə bu proseslər yalnız qısamüddətli dalğalanmalarla məhdudlaşmır, həm də dünya bazarlarında uzunmüddətli strateji dəyişikliklərin əlaməti ola bilər.
Dünya iqtisadiyyatında baş verən təlatümləri, qızıl və neft qiymətlərinin bahalaşmasını şərh edən iqtisadçı Razi Abbasbəyli “Sherg.az”a açıqlamasında deyib ki, son günlər Amerika Birləşmiş Ştatlarının əsas valyutası, dolların dəyər itirməsinin şahidi oluruq. Onun sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi ilə bağlı yaranan narahatlıqlardır: 
“Belə məlumatların yayılması investorlar arasında etimadın azalmasına gətirib çıxarır və dolların zəifləməsi fonunda alternativ aktivlərə yönəlmə müşahidə olunur. Xüsusilə, dollarla qiymətləndirilən qiymətli metallar, qızıl və gümüş “təhlükəsiz liman” prinsipi çərçivəsində üstünlük qazanır. Riskləri minimuma endirmək istəyən investorlar bu metallara yatırım edir və bu tendensiya qızılın qiymətinin artmasına səbəb olur.
Digər tərəfdən, dünya neft bazarında da gərginlik müşahidə olunur. Venesuela Prezidentinin ABŞ tərəfindən həbs olunması xəbəri və İranda baş verən iğtişaşlar neftin qiymətinin müvəqqəti yüksəlməsinə gətirib çıxarıb. Lakin bu artım qısamüddətlidir. ABŞ Prezidenti Donald Trampın iri neft korporasiyaları ilə Venesuela nefti ilə bağlı görüşlərindən konkret nəticələr əldə edilmədi. Bunun əsas səbəbi Venesuela neftinin həm ucuz qiymətə satılması, həm də sənaye komplekslərinin köhnəlməsi və yenidən qurulmasının böyük investisiyalar tələb etməsidir. Bu faktorlar iri neft şirkətlərinin bu bazara tərəddüdlə yanaşmasına səbəb olub. Nəticədə, ABŞ-ın Venesueladan gündəlik 100 milyon barrel neft hasil etməsi ilə bağlı proqnozlar hələlik reallığa uyğun görünmür. Buna görə də dünya bazarında neftin qiyməti gözlənildiyi kimi kəskin ucuzlaşmaq əvəzinə, yalnız kiçik artım nümayiş etdirib”.
İqtisadçı qeyd edib ki, İranda baş verən iğtişaşlar neftin qiymətini bir müddət yüksək səviyyədə saxlayacaq. Lakin bu proseslərin nəticəsi müəyyənləşdikdən sonra neftin qiyməti yenidən düşməyə başlayacaq:
“ABŞ-ın əsas hədəflərindən biri dünya bazarında neftin qiymətini 50 dollara endirməkdir. Bununla yanaşı, ABŞ-ın strategiyası yalnız qiymətləri tənzimləməkdən ibarət deyil. İkinci mühüm məqsəd Çin kimi iri iqtisadi aktorların enerji və təbii resurs təminatçılarını nəzarət altına almaqdır. ABŞ çalışır ki, İran, Rusiya və Venesuela kimi ölkələr üzərindən Çin və onun qlobal tərəfdaşlarını zəiflədərək, ticarət müharibəsində üstün mövqe əldə etsin. Bu kontekstdə, Trampın İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq etməsi heç də təsadüfi deyil. Əsas məqsəd Çin və onun tərəfdaşlarını iqtisadi baxımdan təzyiq altına almaq və ABŞ-ın qlobal nəzarət imkanlarını gücləndirməkdir”.
R. Abbasbəyli hesab edir ki, həm valyuta, həm də enerji bazarlarında baş verən proseslər yalnız müvəqqəti dəyişikliklər deyil, strateji hədəflərə xidmət edən uzunmüddətli oyunların tərkib hissəsidir. Investorlar üçün bu mərhələ risklərin idarə olunması və portfellərin diversifikasiyası baxımından xüsusi diqqət tələb edir.