Osmanlı sultanı II Abdülhəmid tərəfindən həyata keçirilən Hicaz dəmir yolunun yenidən qurulması planları bölgədə maraq doğurub. Mütəxəssislərin fikrincə, İstanbulu müqəddəs torpaqlarla birləşdirən bu xətt vaxtilə həcc səfərlərini asanlaşdırmaqla yanaşı, Osmanlının siyasi və hərbi mövqeyini də gücləndirib.
Sherg.az xəbər verir ki, Türkiyəli alim Özcan Güngör bildirib ki, Hicaz dəmir yolu sadəcə nəqliyyat layihəsi olmayıb, həm də dini, siyasi və mədəni əhəmiyyət daşıyan böyük bir sivilizasiya təşəbbüsü olub.

Qeyd olunur ki, dəmir yolunun marşrutu Mədain Saleh yaxınlığından keçir. Bu ərazi İslam mənbələrində Səmud qövmü və Həzrət Salehlə bağlı hadisələrlə əlaqələndirilir.
Mütəxəssislər hesab edirlər ki, layihənin bərpası Türkiyə ilə ərəb dünyası arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər.