- "Yeni qaydalar kölgə iqtisadiyyatını tam dayandırmayacaq
“Gəlirlərin şəffaflaşdırılması istiqamətində atılan addımlar ilk növbədə yüksək gəlir əldə etdiyi halda bunu gizlədən şəxslərə yönəlməlidir. Eyni tələblərin bütün vətəndaşlara şamil edilməsi hər zaman səmərəli nəticə verməyə bilər”.
Bu sözləri Sherg.az-a açıqlamasında Kartlara mədaxil və kartdan-karta köçürmələrə tətbiq edilən limiti şərh iqtisadçı Rauf Qarayev deyib.
Bu addımın mahiyyətinin başadüşülən və zahirən müsbət göründüyünü vurğulayan iqtisadçı qeyd edib ki, məqsəd nağdsız ödənişlərin həcmini artırmaq, iqtisadiyyatda şəffaflığı gücləndirmək və büdcə daxilolmalarını artırmaqdır: “ Lakin bu tədbirlərin praktikada gözlənilən effekti verəcəyinə dair müəyyən şübhələrim var. Düşünürəm ki, insanlar yeni qaydalara uyğunlaşmaq üçün alternativ yollar axtaracaqlar və vəsaitlərini yenə də alışdıqları üsullarla dövriyyəyə buraxmağa çalışacaqlar. Daha əvvəl də bankların təqdim etdiyi bonus proqramlarında bunu gördük. Müəyyən dövrdə vətəndaşlar bonuslardan faydalansalar da, sonradan həmin üstünlüklər aradan qaldırıldı.
Hazırda da proses daha çox nağdsız ödənişlərin genişləndirilməsinə yönəlib və yeni qanunvericilikdə də bu istiqamətdə stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Bununla belə, hesab edirəm ki, indiki yanaşma ilə atılan addımlar gözlənilən nəticəni tam təmin etməyəcək. İlk növbədə gəlirlərini gizlədən yüksək gəlirli şəxslərin nəzarətə cəlb edilməsi daha məqsədəuyğun olardı, daha sonra isə bu tələblər mərhələli şəkildə digər kateqoriyalara tətbiq edilə bilər."