Beynəlxalq Taxıl Şurasının orta müddətli təklif və tələbat proqnozuna əsasən, növbəti 5 il ərzində qlobal taxıl balansı azalacaq. Qlobal taxıl daşıma ehtiyatları 2024/25-ci illərdə 589 milyon ton olduğu halda, 2026-cı illərdə 610 milyon tona yüksələcək. Lakin sonradan 2030/31-ci ilə qədər qlobal taxıl ehtiyatlarının 588 milyon tona düşəcəyi gözlənilir ki, bu da təxminən 20 ilin ən aşağı səviyyəsidir. Şuranın proqnozları 2030/31-ci ilə qədər beş il ərzində qlobal təklif və tələbatın yenidən daralacağına işarə edir.
Proqniozlra əsasən yaxın illərdə taxılın, məntiqi olaraq da ərzaqlıq buğdanın, nəticə etibarilə çörəyin qiymətinin artacağını gözləməliyikmi?
İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında bildirdi ki, bu cür hesablamalar aparmaqla əldə olunan nəticəyə əsasən proqnoz irəli sürmək olmaz: 
- Xatırlayırsızsa, Rusiya-Ukrayna müharibəsi başlayandan bir az sonra ərzaqlıq buğdayla bağlı problem yaranmışdı, hətta məsələ ajiotaja çevrilmişdi. Ancaq çox keçmədi ki, hər şey “yatdı”. Ümumiyyətlə, heç bir kənd təsərrüfatı məhsuluyla bağlı uzunmüddətli proqnoz irəli sürmək düzgün deyil. Məsələn, 2025-ci ildə Azərbaycan 1,27 milyon ton buğda idxal edib, dəyəri isə 275,6 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə həcmdə 2%, dəyərdə isə 1,5% azalma deməkdir. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.13%-ni təşkil edib. Buğda idxalına çəkilən xərclərin ümumi idxal xərclərində payının azalmasının ölkə iqtisadiyyatı üçün nə demək olduğu bəllidir. 2026-cı ildə isə buğda idxalında artım, yoxsa azalma olacağını dəqiq söyləmək çətindir.
P. Heydərov qeyd etdi ki, ümumiyyətlə, buğda idxalının azalması son vaxtlar ən çox müşahidə olunan proseslərdən biridir. Bunun əsas səbəbini ölkədə buğdaya olan tələbatın əvvəlki səviyyədə artmaması, əksinə azalması təşkil edir:
- Yerli istehsal müəyyən mənada bu tələbatın bir qismini ödədiyi üçün əlavə idxalın artmasına da ehtiyac yaranmır. Ona görə də bir daha qeyd etmək olar ki, buğda idxalının azalması son illərdə müşahidə edilən proseslərdən biri olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün müsbət amildir. Çünki bu məhsulun idxalına əlavə xərclər çəkilmir, əksinə xərc azalır və ümumiyyətlə, gələcəkdə yerli istehsalın daha çox tələbatı ödəməsinə şərait yaranır. Əslində, bu il ərzində də idxalın azalmasının davam edəcəyi gözlənilir ki, ola bilsin bu azalma cüzi xarakter daşısın. Hər halda buğda istehsalında bu il ərzində qeyri-adi dəyişikliklər baş verməyəcək.