1918-ci ildə İstanbulun Tahtakale bölgəsində törədilən qətl barmaq izi vasitəsilə açılan ilk cinayət hadisələrindən biri kimi Türkiyə polisinin tarixinə düşüb.
Sherg.az xəbər verir ki, yanvarın 18-də sabun mağazasının gecə gözətçisi Kiyos bıçaqlanaraq öldürülüb. Hadisənin şahidi olmadığından polis cinayətkarı müəyyənləşdirməkdə çətinlik çəkib.

Araşdırma zamanı polis əməkdaşı Yusuf Cemil bəy mağazadakı qaz lampasının üzərində üç barmaq izi aşkarlayıb. İzlər polis arxivindəki qeydlərlə müqayisə edildikdən sonra əvvəllər polis qeydiyyatında olan Mano adlı şəxslə uyğunluq müəyyən edilib.

Şübhəli əvvəlcə ittihamları rədd etsə də, barmaq izi dəlili qarşısında cinayəti etiraf edib. Onun ifadəsinə görə, məqsədi mağazadakı pulu ələ keçirmək olub. Gecə gözətçisi onu tanıdığı üçün Mano qətli törədib.
Hadisənin araşdırılması Osmanlı polisində elmi kriminalistika üsullarının tətbiqi baxımından əhəmiyyətli mərhələ hesab olunur.

Yusuf Cemil bəy 1910-cu ildə İstanbul Polis İdarəsində yaradılan Daktiloskopiya şöbəsinin qurulmasında iştirak edib və onun ilk rəhbəri olub. O, Parisdə barmaq izlərinin təsnifatı üzrə təhsil alıb, sonradan polis məktəbində bu sahədə dərslər keçərək metodun yayılmasına töhfə verib.