Fransız dəniz arxeoloqları Bretan sahillərində 7 min illik, 120 metr uzunluğunda nəhəng sualtı divar aşkar ediblər. Bu sensasion kəşf bölgədə əsrlərdir danışılan batmış şəhər əfsanələrini yenidən gündəmə gətirib.
Sherg.az xəbər verir ki, eramızdan əvvəl təxminən 5-ci minilliyə aid edilən divar, Fransada indiyədək tapılmış ən böyük sualtı tikili kimi qeydə alınıb.
Araşdırmaçılar hesab edir ki, daş dövrü insanları bu qurğunu ya balıq tələsi kimi istifadə edib, ya da yüksələn dəniz səviyyəsinə qarşı müdafiə məqsədilə inşa ediblər. İnşa edildiyi dövrdə bu günkü İl-de-Sen adasının sahilində yerləşən divar, dəniz səviyyəsinin minilliklər ərzində qalxması nəticəsində hazırda 9 metr dərinlikdə qalıb.
Ümumi çəkisi 3 min 300 ton olan divarın eni 20 metr, hündürlüyü isə 2 metrdir. Su altında çalışan tədqiqatçılar divarın içində paralel düzülmüş iri qranit dikilitaşlar da aşkarlayıblar. Bu daşların üzərinə taxta torların çəkildiyi və gelgit zamanı balıqların həmin tələlərə düşdüyü ehtimal olunur.
Arxeoloq İvan Payyenin sözlərinə görə, bu miqyasda tikilini “yüksək təşkilatlanmış ovçu-toplayıcı icma” və ya eramızdan əvvəl 5-ci minillikdə bölgəyə gəlmiş erkən Neolit dövrü xalqları inşa etmiş ola bilər. Divarı təşkil edən monolitlərin Bretanın məşhur Neolit menhir daşlarına bənzəməsi, lakin onların daha qədim olması xüsusi diqqət çəkir.
Divar ilk dəfə geoloq İv Fuke tərəfindən radar xəritələrində sahilaltı vadini kəsən süni xətt kimi görünməsi ilə müəyyən edilib. 2022-ci ilin yayında aparılan ilkin tədqiqatlardan sonra, qış aylarında dəniz yosunlarının geriləməsi ilə qurğu daha detallı şəkildə xəritələndirilib.
Beynəlxalq Dəniz Arxeologiyası jurnalında dərc olunan məqalədə qeyd olunur ki, bu tip qurğular Bretanda məşhur “batmış şəhərlər” əfsanələrinin yaranmasına səbəb olmuş ola bilər. Ən məşhur itmiş şəhərlərdən biri olan İs şəhərinin məhz kəşfin edildiyi bölgənin dərhal şərqindəki Duarnene körfəzində yerləşdiyi iddia edilir.