İngiltərədə yaşayan 71 yaşlı Lesli Qrinhou 31 yaşlı (insan yaşı ilə təxminən 146 yaş) Milli adlı tısbağa qabığı rəngli pişiyinin dünyanın yaşayan ən yaşlı pişiyi olduğunu iddia edib.
Sherg.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, Qrinhou pişiyinin uzunömürlü olmasını əsasən təbii mineral su və xüsusi qidalanma rejimi ilə əlaqələndirib.
Onun sözlərinə görə, Milli son 10 ildə yalnız təbii mineral su içib. Pişiyin qida rasionuna qızılbalıq, krevet, toyuq əti, tuna balığı, eləcə də vaxtaşırı pişik yemi daxildir.
Stockport şəhərində yaşayan Qrinhou bildirib ki, isti havalarda yaşlı pişiyinin rahatlığı üçün evdə iki ventilyator işlədir, suyuna buz əlavə edir və onun sərin döşəmədə dincəlməsinə şərait yaradır.
Milli əvvəllər Qrinhounun həyat yoldaşı Paula məxsus olub. Paula 2020-ci ildə 55 yaşında COVID-19 səbəbindən vəfat etdikdən sonra pişik uzun müddət yeməkdən imtina etsə də, sonradan özünə gəlib.
Lesli Qrinhou hesab edir ki, Millinin uzunömürlü olmasında təkcə qidalanma deyil, həm də ev pişiyi kimi sakit və stresssiz şəraitdə yaşaması mühüm rol oynayıb.

Qrinhounun ən böyük arzusu Millini Ginnesin Rekordlar Kitabına daxil etdirməkdir. Lakin pişiyin doğum tarixini təsdiqləyən rəsmi sənədlər olmadığından bu, hələ mümkün olmayıb. Onun əlindəki yeganə sübut həyat yoldaşının 1995-ci ildə Milli ilə çəkdirdiyi köhnə fotoşəkildir.
Qeyd edək ki, Millinin "dünyanın ən yaşlı pişiyi" olması ilə bağlı iddia hələlik Ginnesin Rekordlar tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Buna görə də bu rekord müstəqil şəkildə də təsdiq olunmayıb.