İnternetdə taleyi ilə bağlı milyonlarla insanın narahat olduğu məşhur meymun "Punch" iyulun 26-da bir yaşını tamamlayıb.
Lent.az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən balaca meymuna 2.5 min təbrik açıqcası göndərilib.
"Punch" ötən il iyulun 26-da Yaponiyanın İtikava şəhərindəki zooparkda doğulub. Lakin anası demək olar ki, dərhal ondan imtina edib. Bala meymuna zoopark əməkdaşları baxmağa başlayıb və ona bir oyuncaq oranqutan hədiyyə ediblər. "Punch" demək olar ki, həmin oyuncağı yanından ayırmayıb.
Altı aydan sonra "Punch" digər meymunların olduğu qəfəsə köçürülüb. Lakin əvvəlcə sürü onu qəbul etməyib və ona qarşı aqressiv davranıb. Oyuncaq oranqutanı bərk-bərk qucaqlayan kədərli meymunun fotoları sosial şəbəkələrdə sürətlə yayılıb və "Punch" dünya şöhrəti qazanıb.
Daha sonra "Punch" digər makakalar arasında uyğunlaşa bilib və onlarla münasibət qurub. Lakin zoopark əməkdaşlarının sözlərinə görə, ziyarətçilər hələ də parka xüsusi olaraq məhz "Punch"ı görmək üçün gəlirlər.