Kosmosda heç bir ulduza bağlı olmadan, qalaktikalar arasında sərbəst dolaşan planetlərin tamamilə ölü dünyalar olmaya biləcəyi irəli sürülüb. Yeni araşdırmaya görə, bu “sərsəri planetlərin” ətrafında fırlanan bəzi peyklər qalın hidrogen atmosferi və daxili istilik sayəsində milyardlarla il ərzində maye su saxlayacaq şəraiti qoruya bilər.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyadakı Maks Plank Yerüstü Fizika İnstitutundan astrofizik David Dahlbüddingin rəhbərliyi ilə aparılan tədqiqata görə, belə bir peyk nəzəri olaraq təxminən 4,3 milyard il ərzində yaşama əlverişli temperaturu saxlaya bilər. Bu müddət Yer kürəsinin indiki yaşına olduqca yaxındır. Tədqiqatçılar bunun sadə həyatın yaranması və zamanla daha mürəkkəb formaya keçməsi üçün kifayət qədər uzun zaman aralığı ola biləcəyini düşünürlər.
SƏRSƏRİ PLANETLƏR DÜŞÜNDÜYÜMÜZDƏN ÇOXDUR
Alimlərin fikrincə, planetlər adətən ulduzların ətrafında formalaşır. Lakin gənc planet sistemlərində baş verən güclü cazibə qarışıqlığı səbəbindən bəzi planetlər öz sistemlərindən kənara atıla bilər. Bu şəkildə ulduzundan qoparaq kosmik boşluqda dolaşan dünyalara “sərsəri planet” deyilir.
Bu planetləri aşkar etmək çətin olsa da, tədqiqatçılar kainatda onların çox sayda ola biləcəyini düşünürlər. Hətta bəzi hesablamalara görə, hər bir ulduza 17-21 arasında sərsəri planet düşə bilər. Bu isə kainatda trilyonlarla başıboş planet ola biləcəyi deməkdir.
Üstəlik, son modellər göstərir ki, bu planetlər öz peyk sistemlərinə sahib ola bilər və ya ulduzlarından qoparkən mövcud peyklərini də özləri ilə apara bilərlər. Araşdırmanın ən diqqət çəkən məqamı da budur: yaşamaq üçün uyğun yer planetin özü deyil, onun peyki ola bilər.
İSTİLİK MƏNBƏYİ MÜTLƏQ ULDUZ OLMALI DEYİL
Normalda həyat axtarışında əsas şərtlərdən biri maye sudur. Bunun üçün adətən ulduzdan gələn istilik tələb olunur. Ulduzu olmayan planet və ya peykin çox soyuq olacağı düşünülürdü və buna görə belə dünyalar uzun müddət perspektivli sayılmırdı.
Lakin yeni tədqiqat göstərir ki, ulduz olmasa belə, başqa istilik mənbəyi mövcud ola bilər. Sərsəri planetin ətrafında fırlanan peyk planetin güclü cazibə qüvvəsi səbəbindən davamlı olaraq sıxılıb-genişlənir. Bu gelgit təsiri peykin daxilində istilik yaradır. Yəni peyk sanki daxildən qızdırılır.
Ancaq bu təkbaşına kifayət etmir. Yaranan istiliyin kosmosa qaçmaması üçün atmosferin onu saxlaması lazımdır. Əvvəlki araşdırmalarda bu rol üçün karbon qazı önə çəkilmişdi. Lakin çox soyuq mühitlərdə karbon qazı kondensasiya olunaraq çökdüyündən istiliyi uzun müddət saxlaya bilmir.
HİDROGEN ATMOSFERİ FƏRQ YARADIR
Yeni araşdırmada isə komanda karbon qazı əvəzinə hidrogen əsaslı atmosferi modelləşdirib. Hidrogen çox soyuq şəraitdə də qaz halında qala bilir və uyğun təzyiq altında istiliyi effektiv şəkildə saxlayır.
Hesablamalara görə, qalın hidrogen atmosferinə malik bəzi peyklərdə maye su üçün uyğun şərait 4,3 milyard ilədək qoruna bilər. Əvvəlki karbon qazı modellərində bu müddətin təxminən 1,6 milyard il olduğu göstərilirdi. Alimlər 1,6 milyard ilin həyatın başlanması üçün kifayət edə biləcəyini, lakin mürəkkəb canlıların inkişafı üçün daha uzun müddətin vacib olduğunu vurğulayırlar.
Əlbəttə, haradasa maye suyun olması orada mütləq həyatın mövcud olduğu anlamına gəlmir. Bununla belə, bu tədqiqat göstərir ki, həyat üçün mütləq ulduza ehtiyac olmaya bilər. Başqa sözlə, kainatda yaşama uyğun bölgələr düşündüyümüzdən daha çox ola bilər.
Tədqiqatçılar gələcəkdə hidrogen xaricində digər atmosfer növlərini də araşdıraraq bu görünməyən dünyaların nə qədər yaşana biləcəyini yoxlamağı planlaşdırırlar.