Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (YATA) "Mitibiki" ("Yol göstərən") milli kosmik mövqe təyinetmə sisteminin altıncı peykini orbitə uğurla çıxarıb.
"Report" xəbər verir ki, peyk "H3" ağır daşıyıcı raketinin köməyi ilə Taneqasima adasındakı kosmodromdan buraxılıb. Buraxılışın yayımı YATA-nın saytında aparılıb.
Qeyd edək ki, bu seriyadan olan peykin ötən ilin dekabrında əvvəlki buraxılış cəhdi daşıyıcı raketin ikinci pilləsinin işini vaxtından əvvəl dayandırması səbəbindən uğursuzluqla nəticələnmişdi. Bundan sonra buraxılış dəfələrlə təxirə salınmışdı.
Hazırda orbitdə beş "Mitibiki" peyki var. Sistemin sabit işləməsi üçün ən azı yeddi aparat lazımdır. Yaponiya sistemi (QZSS) Amerikanın GPS sistemini tamamlayır və koordinatların müəyyənləşdirilməsi dəqiqliyini artırır.
2030-cu illərin ortalarına qədər Yaponiya peyk qruplaşmasını 11 peykə qədər artırmağı planlaşdırır ki, bu da GPS-dən asılılığı azaltmağa və sistemin Asiya-Sakit okean regionunda istifadəsini genişləndirməyə imkan verəcək.
QZSS-in xüsusiyyəti siqnalları müdaxilələrdən qoruyan yüksək səviyyəli şifrələmədir. Mülki istifadəçilərdən başqa, sistemlə Yaponiyanın silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tam təmin edilməsi planlaşdırılır.
"Mitibiki" peykləri obyektlərin koordinatlarını təxminən 6 sm xəta ilə müəyyən etməyə qadirdir, halbuki GPS-də bu göstərici təxminən 10 metr təşkil edir.