“Dostlarıma salam söyləyin...” 

“Günəşdən usanan” Rüstəm İbrahimbəyov həyata vida etdi

   “Səhranın bəyaz günəşi”nin son mənzilə yola salınması mərasimi dünən “Nizami” Kino Mərkəzində keçirildi. 
Kim idi Rüstəm İbrahimbəyov? Xalq yazıçısı, dramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli senarist və rejissor, “Oskar” mükafatçısı... sevə-sevə izlədiyimiz, illər keçsə də dadı-duzu itməyən ən yaxşı filmlərimizin, mənalı povestlərin, romanların müəllifi...  Qeyd edək ki, R.İbrahimbəyovun vəfat xəbərindən sonra Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva nekroloq imzaladı. Nekroloqda mərhumun həyatı, Azərbaycan mədəniyyəti tarixində dərin iz buraxan, çoxşaxəli yaradıcılığı yüksək dəyərləndirilirdi.  

Dünənki vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın vida mərasiminə göndərdiyi əklillə yanaşı rəsmi qurumlar, təşkilatlar adından da əklillər vardı.  R.İbrahimbəyovun dostları, məsləkdaşları, ona dəyər verən yüzlərlə insan, sadə vətəndaşlar görkəmli yazıçı və kinorejissorla vidaşlamağa, onu son mənzilə yola salmağa gəlmişdi. Vida mərasiminə gələnlər mərhumun ailə üzvlərinə başsağlığı verir, səhnədə qoyulmuş cənazənin önündən hörmətlə keçir, əllərindəki gülləri həyatında böyük uğurlar qazanmış insana ərməğan edirdilər. Bunlar Rüstəm İbrahimbəyova təqdim edilən son çiçəklər idi... 

Vida mərasiminin rəsmi hissəsində cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın imzaladığı nekroloq oxundu: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, senarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat edib. R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlayıb. Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan R.İbrahimbəyov Moskvada 1967-ci ildə ali senarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirib. R.İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınırdı. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynadı,  yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr verdi.  Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və senariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynadı. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilib. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırdı. R.İbrahimbəyovun senarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının senariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər filmlər geniş şöhrət taparaq yüksək mükafatlarla təltif edilib. Onun həmmüəllif senaristi olduğu “Urqa” filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, “Günəşdən usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb. Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət də göstərib.  O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib. R.İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarına, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülüb. Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!”. 
"Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir"

Vida mərasimində çıxışı zamanı Mədəniyyət naziri Anar Kərimov  qeyd etdi ki, R.İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib: 

“O həm də mədəniyyət və incəsənətimizin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Bu mərasimi keçirməklə onun ailəsinə, yaxınlarına və ümumiyyətlə, Azərbaycan və Rusiya ictimaiyyətinə başsağlığı verirəm". "Onun əsərlərinə çox gözəl filmlər çəkilib ki, onlar Azərbaycan mədəniyyət salnaməsinə qızıl hərflərlə yazılıb. Onun fəaliyyəti təkcə kino ilə məhdudlaşmayıb, həm də teatr tamaşalarına quruluş verib. Bu da onun çoxşaxəli fəaliyyətindən xəbər verir. Onun yaratdığı yeni obraz və üslublar daim Azərbaycan xalqının qəlbində yaşayacaq", - nazir vurğulayıb. Mərasimdə çıxış edən mədəniyyət və incəsənət xadimləri R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, xalq yazıçısının ölümünü ağır itki kimi qiymətləndiriblər. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, kino, ədəbiyyat, teatr sənəti böyük sənətkarı itirib: “O mənim 60 illik etibarlı dostum idi. Rüstəm çox vaxt Bakıdan uzaqda olsa da, həmişə ürəyi Azərbaycanla döyünürdü. İndi isə əbədi olaraq Azərbaycan torpağına qayıtdı. Onun əsərlərini yaşatmağa ehtiyac yoxdur. Onlar özü yaşayacaq. Biz Rüstəm İbrahimbəyovun yaratdığı "İbrus" Teatrını yaşatmalıyıq”.  
"Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətini itirdik".

Bu sözləri vida mərasimində Xalq yazıçısı Çingiz Abdullayev söyləyib: 

"O, dünyada yeganə adam olub ki, 6 ölkənin mükafatını alıb. Dünyada ikinci belə adam yoxdur. Bu gün neçə ölkədən məktub gəlib. Rusiyadan da, Ukraynadan da bizə məktublar göndərilib. Onlar bilir ki, dünya necə dəyərli insanı itirib".
Xalq artisti, görkəmli aktyor Rasim Balayev isə jurnalistlərə açıqlamasında dost itkisinin ağır olduğunu deyib: "Rüstəm İbrahimbəyov həmişə sağlam, enerjili olub. Eşitdiyimə görə, ABŞ-a getməyə hazırlaşırmış. O, mənim üçün həm dost, həm də Azərbaycan mədəniyyətinin flaqmanlarından biri olub. Son dövrlərdə Azərbaycan incəsənətinin yetişdirdiyi iki nəhəng simadan biri vəfat edib. Onların biri Rüstəm İbrahimbəyov, digəri isə Tahir Salahov idi". 
 “Yaxşı ki, atam Vətəndə dəfn edilir”
Bunu mediaya  açıqlamasında mərhumun oğlu Fuad İbrahimbəyov deyib: “Yaxşı ki, atam öz vətənində dəfn olacaq. O, istedadlı yazıçı, gözəl ata idi. Əlbəttə, bu, bizmi üçün gözlənilməz oldu. Ata itkisi övlad üçün ağırdır. Atam son sözündə dedi ki, dostlarıma salam söyləyərsən”. Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri Xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. 

Xalq şairi Ramiz Rövşən də R.İbrahimbəyovun ölümünü ağır itki adlandırıb: “Xalqımız çox böyük sənətkarını itirib. Rüstəm İbrahimbəyov bir millət, xalq, hətta dünya üçün əvəzolunmaz şəxsdir. Onun gedişindən sonra böyük bir boşluq görünür. O boşluq hər yerdən sezilir və get-gedə daha sıx görünəcək”.

Xatırladaq ki, R.İbrahimbəyov  martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib. Və dünən I Fəxri Xiyabanda, qardaşı, Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarı yanında dəfn edilib. Dəfn mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak edib. 

Allah rəhmət eləsin, ruhu şad olsun.  
Məlahət Rzayeva
P.S. “Şərq” qəzetinin kollektivi xalq yazıçısının vəfatıyla bağlı mərhumun ailəsinə və xalqımıza başsağlığı verir.