Azərbaycan dizayn sferasında öz dəst-xətti ilə seçilən Rəsul Həsənin ərsəyə gətirdiyi yaradıcı işləri sosial şəbəkə istifadəçiləri təqdir edir, maraqla qarşılayır. 2004-cü ildən bu sahə ilə məşğuldur. Özünü inkişaf etdirdikdən sonra 2009-cu ildən bir reklam şirkətində dizayner kimi peşəkar fəaliyyətə başlayıb.
Rəsul Həsən həmçinin illustrasiya, animasiya, 3D və dizaynın digər istiqamətləri ilə də məşğul olur.
Qrafik dizayner, rəssam bu dəfə Azərbaycanın ilk qəzetləri və onların baş redaktorlarını süni intellekt ilə fotolarını ərsəyə gətirib.
Rəsul Həsən “Sherg.az”a açıqlamasında bildirib ki, bu öz ideyasıdır:
“Bütün işlərimi şəxsi fikirlərim əsasında gerçəkləşdirirəm. Hazırda üzərində işlədiyim çox layihələr var. Bu dəfə süni intellekt vasitəsilə köhnə Azərbaycan filmlərinə Hollivud filmləri stilində baxış formasında bir iş ərsəyə gətirəcəm.
"Voice Style Transfer", yəni süni intellekt vasitəsilə Səməndər Rzayevin 13 dəqiqəlik səsindən model hazırlayıb, tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşarın səsinə tətbiq etmişdim, maraqla qarşılanmışdı. Səsin başqa səsə köçürülməsi ilə bağlı yeni planlarım da var, lakin vaxt aparan işdir”.
Qrafik dizayner süni intellekt sahəsində sadəcə fərdi fəaliyyət göstərir:
“Azərbaycanda bu istiqamətdə müsabiqələrə nadir rast gəlinər, ya da gəlinməz. Xaricdə tez-tez olur.
Bu iş özümə maraqlıdır, düzü, müsabiqələrə qatılmamışam. Gəlirimi isə belə işlərdən əldə etmirəm, qrafik-dizayn, brendinqdən qazanıram. Süni intellekt Azərbaycanda gəlirli sahəyə çevrilməyib. Xaricdə isə kino, musiqi, reklam sektorunda yerini tutub, yüksək gəlir götürmək mümkündür.
Son dövrlər ölkəmizdə süni intellektə maraq artıb, təlabat da çoxdur. Aqil Muradovun yaradıcı nəticələrini bəyənirəm”.