"44 günlük müharibə barəsində film artıq çəkilməli idi".
Bunu "Sherg.az"a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
O bildirib ki, bu bizim vətəndaşlığımızı təsdiq edən bir sənəddir:
"Əlbəttə, aparatura, ssenari, aktyorlar və xərc lazımdır. Ancaq Vətən haqqında filmin çəkilməyi daha vacibdir. Çünki bu bizim borcumuzdur. Ümumiyyətlə, Afaqın, Rasimin dediyi ilə iş olmaz. Çünki bunu sifariş vermək lazımdır. Yəni konkurs keçirilməli və ssenarilər müzakirəyə qoyulmalıdır. Əlbəttə, saat ikidə oyanıb gecə həyatına başlayan adamlar yox, əsl kinoşünaslar məşğul olmalıdırlar.
A.Bəşirqızı əlavə edib ki, bu sahədə vəziyyət bərbaddır:
"Savadlı kadrlar və filmi ərsəyə gətirəcək güclü əl lazımdır. Mədəniyyət və incəsənətdə dövlətin köməyi olmasa heç bir şey edə bilməzsən. Ancaq mən demirəm ki, indi duraq sevgi haqqında film çəkək və buna yardım edilsin. Biz Vətən müharibəsindən film çəkməliyik. Bunun üçün isə ən azından vicdan olmalıdır".
Qeyd edək ki, tanınmış aktyor, Xalq artisti Rasim Blayav Vətən müharibəsi ilə bağlı filmin çəkilməsi barəsində təklif edib. Lakin film hələ də çəkilməyib.