Azərbaycanın gənc sənətçiləri Almatıda V Teatr Forumunda iştirak edəcəklər

Artıq bir neçə ildir ki, “Beynəlxalq Teatr İttifaqları Konfederasiyası” Beynəlxalq İctimai Birliklər İttifaqının təşkilatçılığı, MDB-yə Üzv Dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin iştirakı ilə Gənclərin Beynəlxalq Teatr Forumu keçirilir. 
Sherg.az xəbər verir ki, Azərbaycanın gənc teatr sənətçiləri də bu Forumda ölkəmizi təmsil edirlər.
Gənclərimiz Foruma Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının iştirakı ilə qatılırlar.
03-09 iyun 2024-cü il tarixlərdə Qazaxıstanın Almatı şəhərinidə MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin sayca V Teatr Forumu keçiriləcək. Forumda teatrşünasların, dramaturqların, teatr rəssamlarının iştirakı ilə yanaşı, gənc rejissorların və onların hazırladıqları tamaşaların iştirakı da nəzərdə tutulub. 
Bu il Forumda Azərbaycanı təmsil edənlər gənc teatr sənətçiləri sırasında Cavid Zeynallı, Abdulla Elşadlı, Dağlar Yusif, Ümid Abbaszadə, Sahib Əhmədov, Səbinə Haqverdiyeva, Elmira Üzeyirova və Fərəh Quliyeva yer alıb. Həmçinin 07 iyun saat 19:00-da MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumu çərçivəsində Uyğur Respublikasının K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası (müəllif: Ş.Qurbanov, rejissor: N.Qulamzadə) göstəriləcək. 
Gənclərin V Teatr Forumunda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Moldova, Rusiya, Qırğızıstan, Belarus və digər ölkələrin nümayəndələri də iştirak edəcəklər.