Milyonlarla insanın qatıldığı İstanbul Etnospor Mədəniyyət Festivalının açılış mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, festivalda ölkəmizi Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.
Açılış mərasimindən sonra milli çadırlar, o cümlədən Azərbaycan çadırı da ziyarət edilib. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan çadırına maraq böyük olmuş, çadırda Azərbaycan tarixi, milli mədəniyyətinə dair guşələr nümayiş etdirilib. Azərbaycan çadırında Azərbaycan ailəsinin ənənəvi evi, məişətdə istifadə olunan əşyalar, qədim xalçalar, suvenirlər təqdim edilib, ziyarətçilər Azərbaycan milli şirniyyatlarına qonaq edilblər. Çadırda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonundan Ruhiyyə Süleymanova xalça toxuma, Bakı şəhərindən rəssam İlahə Cəfərli miniatur rəsmləri, Qəbələ rayonundan ağacoyma üzrə mütəxəssis Şahin Rəhimov canlı olaraq əl işlərinin masterklasını nümayiş etdiriblər.
Azərbaycan çadırında tariximiz, dövlətçiliyimiz və mədəniyyətimizə dair nəşrlər sərgilənmiş, ölkəmizin tarixi, mədəniyyəti, turizm gözəlliklərinə dair videomaterial mümayiş etdirilib.
Bundan başqa, Etnospor Kültür Festivalında bədii hissədə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər Xalq Rəqs Ansamblı milli rəqslərimizi təqdim etmiş, Azərbaycanın Ağdam rayonunun Gülablı kənd uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və onun şagirdləri milli musiqilərimizi ifa ediblər.
Qeyd edək ki, Festivalda Qarabağ atlarının keçidi və şou proqram da təqdim ediləcək.
Festival davam edir.
Yaqut Misirxanlı
İstanbul