Qarşılaşdığı çətinliklərə baxmayaraq teatrlar bu gün də fəaliyyətdədir. Lakin təəssüflər olsun ki, bu gün teatra və kinoya gedən tamaşaçıların sayı olduqca aşağı səviyyədədir. Müasir gənclər asudə vaxtlarını sosial şəbəkələrdə keçirməyə daha çox meyillidirlər, nəinki teatrda...
Sual yaranır ki, ənclər niyə teatra getmək istəmirlər?
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, gənclərdə teatra marağın azalmasına səbəbini maddi vəziyyət, yəni kinoya və teatra alınacaq biletin qiyməti ilə əlaqələndirirlər:
''Fikrimcə, bunun mövzu ilə əlaqəsi yoxdur və bir bəhanədir. Əgər sürətli internet üçün pul tapmaq iqtidarındayıqsa, heç olmasa iki ayda bir dəfə kinoya, teatra da getməyə pul tapa bilərik. Həmçinin, teatr üçün təklif edilən biletlər o qədər də bahalı deyil. Zənnimcə, bunun aslılıqla əlaqəsi var. Məsələn, bir çoxumuz sosial şəbəkələrin aludəçisiyik. Çünki internetə girdikdə sanki, dünya durur, ətrafımızda baş verən hadisələrə qarşı etinadsız oluruq. Mədəniyyət ocaqlarına getmək də eyni alışqanlığı yaratmalıdır. İnsanlar faydalı şeylərdən yararlanaraq onları alışqanlığa çevirməlidirlər. Mənəvi təlabatımızı ödəmək, ruhumuzu dincəltmək, mədəniyyətimizi inkişaf etdirmək üçün daim mədəniyyət ocaqlarına üz tutmaq şərtdir. İndiki dövrdə internet hava və su kimi lazım olmasa idi, bəlkə də tetrlara gələnlər olacaqdı. Anlamalıyıq ki, internetdən asılılıq bizə fayda vermir. Əksinə, sosiallaşmağı əngəlliyir. Bizləri vurtual köləyə çevirir. Ona görə də internetdən minimum istifadə etməli, ona sərf etdiyimiz pulu və vaxtı başqa sahələr üzrə xərcləməliyik. Məsələn, ən azından həftədə bir dəfə teatra getməliyik. Bunu özümüzə təlqin etməliyik".