İstanbuldan köçüb kəndə yerləşib: Nurgül Yeşilçay özünü “mükəmməl ekoloq” hesab edir

Türkiyəli aktrisa Nurgül Yeşilçay insanların müəyyən yaşdan sonra metropol həyatından uzaqlaşmalı olduğunu deyib.

Sherg.az xəbər verir ki, Yeşilçay sevgilisi Necati Kocabayla birlikdə Kuşadasının Çınar kəndinə köçüb. Aktrisa İstanbuldan ayrılmasının səbəblərindən danışarkən şəhərdə həyatın əvvəlki kimi olmadığını bildirib.

“Bir yaşdan sonra bəzi insanları metropoldan qovmaq lazımdır. Mən metropolu əslində metropol kimi yaşamadığımı fərq etdim. Şəhərin mərkəzində yaşayıram, üç ayda bir tamaşaya gedirəm. Məni metropoldan atın! Burada gənclər yaşasın, hər axşam bir yerə getsin, yeni açılan məkanları izləsin, konsertlərə getsin”, – deyə aktrisa bildirib.

Yeşilçay kəndə köçdükdən sonra daha çox ekoloji məsələlər barədə düşünməyə başladığını da söyləyib. O, davamlılıq anlayışına marağının artdığını və özünü “mükəmməl ekoloq” hesab etdiyini deyib.

Aktrisa xüsusilə həddindən artıq istehlakı tənqid edib: “Çoxlu tullantı yaradırıq. Bir neçə ildən sonra yəqin ki, zibil dünyasında yaşayacağıq. Moda həftədə bir dəfə dəyişməməlidir. Biz niyə hər həftə yeni nəsə alırıq? Almamalıyıq.”