Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan romantik aktyor məktəbinin istedadlı nümayəndəsi, gur səsli, coşğun səhnə temperamentli teatr və kino aktyoru, ssenari müəllifi, qiraətçi Mikayıl Mirzənin doğum günüdür...
Xatırlayaq. Ruhu şad olsun.
Azərbaycsn xalqının Ümumummilli lideri Heydər Əliyev: “Bugünkü cəmiyyətdə Azərbaycanın haqq sözünü deyən insanlar lazımdır. Mikayıl o insanlardan biridir. O kritik məqamlar sənətkarıdır”.
Böyük rəhbərimiz bu sözləri təsadüfən deməmişdi.
Azərbaycan Respublikasının Xalq artisti Mikayıl Mirzə istiqlalımız, Vətənin müstəqilliyi uğrunda 80-ci illərdən mübarizə apardı. İctimai fikir meydanında hər zaman öndə oldu. Heydər Əliyev ideyalarının tərənnümçüsü, Yeni Azərbaycan ideologiyasının daşıyıcısı idi. Mili teatrımızın görkəmli nümayəndəsi, içtimai xadim kimi tanınmışdı...
Kim idi Mikayıl Mirzə? - Özünü dağa-daşa çırpan dağ çayı...
Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub.
Övladlarından ən çox kiçiyinin - Mikayılın bənzədiyi ataları Şahvələd kişi sadə kolxozçu imiş, amma sinəsi dolu nağıl, şeir, rəvayət. Əkinlə-biçinlə məşğul olarmış.
Mikayıl Mirzə də onun kimi məcrasını tapmaq üçün özünü dağa-daşa çırpan dağ çayı idi.
Anası Susay, dediklərinə görə Səfəvilərin şəcərəsindəndir. Ərdəbildən gəliblər Qubaya, sonra Şamaxıya və Ağsuya köçüblər. Qarabuğdayı, hündür qadın imiş. Mikayıl Mirzə üzdən ona bənzəyirmiş.
Qardaşları xarrat, sürücü, müəllim olublar. Mikayıl Mirzə şəhərə gedib oxumaq istədiyini bildirəndə atası etiraz edib və ona şəhərə getməsi üçün pul da verməyəcəyini deyib...
Ailədə 4 qardaş, bir bacı olublar. Əslində, iki bacı demək olar, çünki ata-anası kənddə kimsəsiz qalan bir qızı da götürüb saxlayıb.
Mikayıl uşaqlıqdan çox mütaliə edən olub. Saysız dərəcədə şeir bilirmiş. Məktəb istehsalat briqadasında qızlar onun da əvəzinə pambıq yığarmışlar ki, sən ancaq bizə şeir de, sənin də pambığını yığarıq.
Oğlu Mətin Mirzə xatırlayır: "Nənəm danışardı ki, atan İncəsənət İnstitutunun yataqxanasında qalanda kitabxananın açarının üzünü necəsə çıxartdırıbmış, gecələr girib orda şam işığında kitab oxuyurmuş..."
1969-cu ildə ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) AMDT-də aktyor işləyib.
Mikayıl Mirzə iki dəfə Milli Məclisə deputat seçilib. 1992-95-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun direktoru olub.
Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.
İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!