Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir.

APA-nın xəbərinə görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xarici film bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən filmdir.

Birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən filmdir.

Milli film üçün tələblərə cavab verən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə birgə istehsal edilmiş filmlər isə milli film hesab oluna bilər.

Qeyd edək ki, qanuna əsasən, filmin prodüseri Azərbaycan Respublikasının vətəndaşı və ya qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda, filmin çəkiliş qrupunda Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər 30 faizdən artıq olmadıqda, film Azərbaycan dilində çəkildikdə, qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, çoxaldılmasını, yayımını, nümayişini həyata keçirən kinematoqrafiya müəssisələri filmin smetasında nəzərdə tutulmuş ümumi iş həcminin 50 faizindən çoxunu yerinə yetirdikdə və film istehsalında xarici investisiyaların həcmi filmin smeta dəyərinin 30 faizindən artıq olmadıqda film milli film hesab edilir.

Beləliklə, bu tələblər təmin olunursa, yerli və xarici prodüserlərin birgə istehsal etdikləri film milli film hesab olunacaq.